Bu, dünyanın ölçüyə sığmayan ədalətsizliyi idi Umud Rəhimoğlu

Müsahibələr 16:56 08.09.2021

Bu günlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Azadaz.com saytının “Həmkar” rubrikasının qonağı olub. 

EDNews.net həmin söhbəti təqdim edir:

Haqqında çox eşidib, lakin üz-üzə gəlmədiyin insanlardan yazmaq mənə həmişə maraqlı olub. Neçə vaxt idi belə bir müsahibin sorağında idim. Azərbaycanın haqq səsini beynəlxalq aləmə yayan, həqiqətlərin üzə çıxması naminə yorulmadan çalışan bu insanın fəaliyyətini uzun illərdir sosial şəbəkə üzərindən izləyirəm. Torpaq itkisi, yurd acısı onu bir millət fədaisinə çevirib. Bizlərdən biridi o da. Mətbuatla, jurnalistlərlə daimi ünsiyyətinə görə ona həmkar deməyə haqqımız var.

Özünün dediyi kimi: “Bəlkə də Qarabağ hadisələri olmasaydı, qələmimdən uzaq düşməzdim”. Amma buna əsla peşman deyil, çünki Vətən içində torpaq həsrəti yaşamağın acısından ağır heç nə yoxdu. Onu “Həmkar” rubrikasına dəvət edəndə, özünəməxsus amiranəliklə təklifimi qəbul edib, diqqətə görə təşəkkürünü bildirdi. Təyin olunan vaxtda onun fəaliyyət göstərdiyi məkana gəldim. Və bir neçə dəqiqədən sonra divarlarına belə, Vətən sevgisi hopmuş bir otaqda haqqında çox eşitdiyim, lakin ilk dəfə üz-üzə gəldiyim alicənab müsahibimlə tanış oldum. “Həmkar”ın bugünkü qonağı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsisçisi və prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Umud Rəhimoğludur.

MƏN

1961-ci ilin təbiətin bəyaz donlu qızı qış fəslində fevral ayının ilk günü Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində sadə bir ailədə anadan olmuşam. 1978-ci ildə kənd orta məktəbini bitirib ali təhsil almaq arzusu ilə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) üz tutsam da, bəxtim gətirmədi və ordu sıralarına xidmətə yollandım. İki il Monqolustanda xidmət elədim. Vətənə borcumu verəndən sonra bir il Sumqayıt şəhər İstilik-Elektrik Mərkəzində çalışdım, Növbəti qəbulda naxışım gətirdi. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olan mən, 1987-ci ildə oranı bitirdim. Vətənə qayıdandan sonra “Ədəbiyyat və İncəsənət” qəzetində fəaliyyətə başladım. Burada çalışdığım beş il ərzində qəzetin “Elm, publisistika və məktublar” şəbəsinin müdiri vəzifəsinədək ucaldım. 1992-ci ildə BMT-nin İqtisadi-Sosial Şurasının yüksək statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunu təsis etdim və indiyədək bu təşkilatın prezidentiyəm. Eyni zamanda Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədr müavini kimi də fəaliyyət göstərirəm.

OCAQ

Çoxuşaqlı bir ailədə bu dünyaya gəlmişəm. Atam Rəhim Mirzəyev sürücü idi. Olduqca zəhmətkeş bir insan olub atam. Bu gün Rəhim kişinin övladları ondan bizə qalan bu geni şərəflə daşıyırıq və düşünürəm ki, bundan böyük nemət ola bilməz. Ailədə dörd qardaş üç bacıyıq və həyatda qazandığımız bütün uğurlara bu miras sayəsində nail olmuşuq. Atam bu dünyadan Vətən həsrətilə köçsə də, öz yurdunda dəfn olunmaq nəsibi oldu. Kəndimizin bir hissəsi azad olunduğundan, mən təşkilatımız vasitəsilə tez-tez o yerlərə səfər edə bilirdim. Kənd qəbirstanlığının bir hissəsində düşmənin mövqeləri yerləşirdi, o biri tərəfində bizim əsgərlər dayanırdı. Ölümündən bir neçə gün əvvəl atamın vəsiyyəti bu oldu ki, məni öz kəndimdə torpağa tapşırarsız. Qarlı bir gündə atam gözlərini əbədi yumdu və nəyin bahasına olursa-olsun bu vəsiyyət yerinə yetirilməli idi. Qohumlar, dostlar çətin olacağını dilə gətirsələr də, biz övladlar hər şeyə rəğmən onun son istəyinə əməl etdik. Ömür vəfa etsəydi, atam da bu günləri görərdi, lakin yenə təsəlli tapıram ki, son mənzili öz yurdundadı. Anam Xanım Mirzəyeva Zəngəzur mahalında doğulub, ömrünün 90-cı ilini yaşayır. Adı kimi özü də xanım olan bu qadın Zəngəzurdan didərgin düşmələrindən bizə çox danışıb. Onun bibisini ana babamın gözü önündə diri-diri yandırıblar. İlləri adlaya-adlaya, nəsildən nəslə gəlib çatan bu problemin bir sonu mütləq olmalı idi. Və ahıl yaşlı bir anaya bu günləri görmək nəsib oldusa, bunun sevinci bəsimdi.

YOL

Məktəb illərində böyük arzularla yaşamışam. 7-8-ci siniflərdən əlimə qələm aldım və məqalələr yazmağa başladım. O zaman Füzuli rayonunda “Araz” qəzeti nəşr olunurdu və ilk dəfə yazılarım orada işıq üzü görüb. Kəndimiz yerlə yeksan olub, orada daş üstündə daş belə qalmayıb və mən hər səfərimdə məktəbimizin yerləşdiyi yerə mütləq gedirəm, xatirələr çözələnir, uşaq ikən oynadığımız yerlər bir kino lenti kimi gözlərim önündən keçir. Ədəbiyyata, tarix fənninə çox həvəsli idim. Evimizdə bir radio vardı, böyük maraqla orada səslənən verilişləri dinləyərdim. O zaman Azərbaycan Radiosunun “Bulaq” verilişini dinləməyən az adam tapılardı. Onu intizarla gözləyirdim, çünki orada xalq yaradıcılığına geniş yer verilirdi. Hiss edirdim ki, orada səslənən bayatılar, qoşmalar ruhuma çox yaxındı. Elə olurdu ki, ertəsi gün verilişi məktəbdə əvvəldən axıra kimi təkrar söyləyərdim. Yəqin ki, elə bu ruhən yaxınlıq məni poeziyaya gətirdi. Lakin didərginlik qayğıları, qaçqın, köçkün dalğası, bu faciənin yaratdığı problemlər qələmlə aramızda bir sədd yaratdı. Qələmi əlindən qoydunsa, bax, çətinlik onda başlayır. Otuz yaşına qədər qələmlə olan sirdaşlığımı ötən iyirmi beş il ərzində yaşaya bilmədim və hər zaman bunun ağrısını da, acısına da çəkdim. Bu da müharibənin vurduğu daha bir yaradı. Kifayət qədər tanınan bir yazar, şair, qələm əhli olan Umud Rəhimoğlu fəaliyyət istiqamətini dəyişməli oldu. Bunun əsla peşmançılığını çəkmirəm, çünki Vətən, haqq-ədalət naminə beynəlxalq müstəvidə xeyli işlər görməyə nail ola bilmişəm ki, bu mənə böyük təsəllidi.

JURNALIST

Bu gün jurnalistikada problem çoxdu. II Qarabağ savaşından sonra Azərbaycan jurnalistikası daha fəal və peşəkar fəaliyyət sərgiləməlidi, beynəlxalq auditoriyaya çıxmağı bacarmalıdı. Bu baxımdan görüləcək xeyli işlər var. Jurnalistika sahəsinə gələnlərin sayı durmadan artır. Onların səriştəli mütəxəssis kimi yetişməsi üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də jurnalist adı daşıyanların ələkdən keçirilməsinə zərurət var. Ümid edirik ki, yeni yaradılan Medianın İnkişafı Agentliyi bu işlərin öhdəsindən gələcək. Əslində hər şey peşəkarlığa bağlıdı. Əvvəllər jurnalistika korrektorluqdan başlanğıc götürərdi və beləcə pillə-pillə qalxardı. Amma indi görürsən ki, tamam əks bir sahənin adamı bir qəzet təsis edir, onu istədiyi məcraya aparır və bu da mənfi təsirlərə səbəb olur. Bu gün mətbuat senzuradan azaddı, amma bu o demək deyil ki, jurnalist bundan mənfi yöndə istifadə etməlidi, yaxşını dağıdıb onun üzərində pisi qurmamalıdı. İstənilən sənətdə peşəkarlıq mütləqdi, jurnalistikada bu, daha yüksək olmalıdı. Jurnalist ictimai bir insandır. O, cəmiyyət üçün çalışan, onun problemlərini işıqlandıran, haqqın tərəfində dayanmalı olan peşə sahibidir. Jurnalist elə bir simadır ki, onun ağ üzünə ləkə düşməməlidi.

FOND

1988-ci ildən başlayan hadisələr getdikcə dərinləşməyə doğru yönəlirdi. Hadisələrin gedişatı yaxşı heç nə vəd etmirdi və bir az keçmədi ki, SSRİ adlı nəhəng bir dövlət süqut etdi. On beş respublikanı ovcunda saxlayan bir imperiya çökdü. Hamı kimi Azərbaycan da bu zəncirin bir halqası olaraq qopdu, lakin torpaq dərdi kimi bir acı ilə üz-üzə qaldı. Mənə tələbə yoldaşlarımdan, tanıyıb bildiklərimdən xeyli zənglər gəlirdi ki, sizdə nə baş verir. Əksəriyyətini ölkəmizə dəvət edib öz gücümə hadisələrin baş verdiyi nöqtələrə aparır, bacardıqca həqiqəti yaymağa çalışırdım. Sonra düşündüm ki, niyə də bu hadisələri beynəlxalq aləmə çıxarmaq istiqamətində iş görməyim? Beləliklə də 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu təsis etdim. Məqsədim beyninə yalan yeridilən dünyanın həqiqətləri görmək üçün gözlərini açmaq idi, çünki üz-üzə qaldığımız məkrli düşmənin arxası dünyaya səpələnmişdi. Artıq İrəvandan bütün azərbaycanlılar deportasiya olunmuşdu, rayonlar bir-birinin ardınca işğal olunurdu. Dünya isə sanki bunları görmürdü, qəbul olan qətnamələri, bəyanatları heçə sayırdı. Haqlı tərəf əzilir, haqsız tərəf isə şadyanalıq edirdi. Belə bir məqamda yaratdığım təşkilat geniş fəaliyyətə başladı, çünki artıq dövr özü bunu tələb edirdi. Biz dünyanın çox ölkələri ilə əlaqə yaradıb jurnalistləri Azərbaycana dəvət etməyə başladıq, onları münaqişə zonaları ilə tanış edirdik ki, həqiqəti gözləri ilə görüb dünya ictimaiyyətinə çatdırsınlar. Təşkil etdiyimiz bu səfərlər Azərbaycan üçün son dərəcə vacib idi. Ən əsası o idi ki, bu illər ərzində Qarabağdan ayağım çəkilmədi, daima jurnalistlərlə o bölgələrdə oldum, təmas xəttində belə. Viran olmuş kəndimizə hər dəfə gələndə içimə ağrı dolu bir rahatlıq gəlirdi. İnanırdım ki, bu yerlərin insanları öz yurduna mütləq qayıdacaq. Beynəlxalq Avrasiya Mətbuat Fondu yüzlərlə layihələrə imza atdı, dərdlinin yanında oldu, xəstəyə əlac axtardı, yurdunu istəyən qaçqının təsəllisi oldu və bu dünyada Azərbaycan həqiqətini yayanlardan biri oldu. Bizim hələ həll olunmalı problemlərimiz çoxdu və bir sülhməramlı təşkilat kimi həmişə dövlətimizin, xalqımızın yanındayıq.

HƏMKAR

Kəndimizin işğalını eşidən kimi dərhal ora yollandım. Kəndlər bir-bir işğal olunduqca, əhali Arazboyu digər kəndlərə üz tuturdu. İşğal kəlməsini eşidəndə, Bakıdan necə çıxıb, rayona necə çatdığımı xatırlaya bilmirəm. Valideynlərimə Kərimbəyli kəndində çatdım. Çox çətin günlər yaşandı. Hər tərəfdə qaçqın, köçkün, didərgin axını vardı. İnsan üçün doğulduğu torpaqdan üstün heç nə yoxdu. Deyərdim ki, bu, biz azərbaycanlılara xas bir xüsusiyyətdi. Mən kəndimizdəki rahatlığı bu günə qədər Bakıda hələ də tapa bilmirəm. Kəndimiz tam olaraq müharibənin ilk günü azad olundu. Sentyabrın 27-si saat 11-də bu xəbəri aldım və həmin anda dünyanın ən bəxtəvər insanı hiss etdim özümü. O kənd mənim üçün təkcə yurd-yuva deyildi. O kənd bir obanın 30 illik qaçqın həyatı, iztirabı, həsrəti, sönən ocağı, ağrısı, acısı idi, o insanların nələr çəkdiyinin şahidiyəm. Və bu, bütün bunlara son qoyulması demək idi mənim üçün. O yerləri bir daha görmək arzusu ilə nə qədər insan bu dünyadan köç etdi. Amma ruh deyilən bir varlıq artıq öz səmasında rahat dolanır, buna əminəm. Bu tarixi yazan gənclərimizə halal olsun deyirəm. Bələkdə ikən gələn körpələr torpaq sevgisi ilə necə böyüdülərsə, aslana çevrilib dədə-baba torpaqlarına sahib çıxdılar. Bu gün gənclərdən bizim narazılıq etməyə haqqımız yoxdu. Onlar bu narazılıqlara elə bir nöqtə qoydu ki, əgər bir boşluq varsa da, onun günahını özümüzdə axtarmalıyıq. Əminəm ki, Ali Baş Komandanın əmri ilə məhz bu gənclik qalan torpaqların hamısını azad edib bütöv Azərbaycanı quracaq.

İlləri adlaya-adlaya bəlli bir yaşa gəlib çatmışam. Bu ömür yolundan geri boylananda yenə də kəndimiz üçün, oradakı evimiz üçün darıxıram. Sağlıq olsun o intizara da son qoyulacaq, dağılan evimiz yenidən tikiləcək, qurulacaq, lakin heç zaman darıxdığım o ev geri qayıtmayacaq. İnsan dünyadan köçəndə bir yaxşı adı, bir də özündən sonra qoyub getdiyi saleh övladlarına görə rəhmət qazanır. Xoşbəxt atayam ki, Tanrı mənə mənən zəngin övladlar nəsib edib. Böyük qızım müəllimə, iki ali təhsil alıb hüquqşünas olan digər qızım hazırda Əl-Cəzirə Media Şirkətində çalışır, Amerikada təhsil alan oğlum mənimlə çiyin-çiyinə çalışır. Yaradanın bu lütfü mənə bəsdi. Sizlərdən biri kimi bu günün jurnalistlərinə özünə güvən arzu edirəm, dayanmadan üzərlərində çalışsınlar, zəhmətdən çəkinməsinlər, beynəlxalq arenada sözlərini deyə bilsinlər.

QIRX DÖRD GÜN

Baxmayaraq ki, yarandığı gündən bizim təşkilat sülhməramlı missiya daşıyıb, düşünürəm ki, II Qarabağ savaşı artıq yetişmişdi. Dövlətin başqa alternativi yox idi, xalq yorulmuşdu, artıq hamının içini bir inamsızlıq hissi gəmirirdi. Bu problemin həllində sorumlu olan beynəlxalq təşkilatlar yalnız öz maraqları çərçivəsindən çıxış edirdi. Azərbaycanın yanında heç kəs olmadı, qəbul olunan nə vardısa, real həllini tapmadı. Həmişə düşünürdüm ki, bu ədalətin təşəkkül tapmasında mütləq bir zor olmalıdı. Çox gözlədik, səbr etdik, lakin nəhayətdə böyük bir dövlətin, qədim bir xalqın istiqbalı naminə o zoru tətbiq etməli olduq və nə yaxşı ki, bunu etdik. İtkilərimiz oldu, ürəklər dağlandı, lakin cihada qalxan bir xalqın şəhidləri olmalı idi, bunu da bilirdik. Bu illər ərzində dünyanın yarıdan çoxunda oldum və heç bir yerdə ədalət çarxı deyilən bir şey görmədim. Hər müzakirədə bir marağın olduğunun fərqinə vardım. İşğalçı olasan, yaşadığın ərazidən daha artığına iddia edəsən, öz əhalisindən on dəfə artıq insanı deportasiya edəsən və bütün bunlarla yanaşı qayğı və diqqətlə əhatə olunasan. Bu, dünyanın ölçüyə gəlməyən ədalətsizliyi idi. Sonda artıq məcraya sığmayan səbr elə daşdı ki, hər kəs heyrətdən bayıldı. Mən həmişə qələbəmizə inanmışam. Bütün tədbirlərdə, bütün çıxışlarımda bir şüarım olub ki, torpaqlarımız qayıdacaq. Bütün beynəlxalq təşkilatlar sübut etməyə çalışırdı ki, müharibə yolverilməzdi, mümkünsüzdü, sanki illərin müharibəsi olacaqmış kimi. Cəmi 44 günə məsələ həll olundu. Bu 44 gündə Əl-Cəzirə kanalı ilə bütün qaynar nöqtələrdə oldum və dünya ağın-ağ olduğunu gördü. Biz elə bir düşmənlə qarşılaşmışıq ki, onlar sakit oturan deyil, altdan-altdan öz işlərini hələ də görməkdədi. Belə gedərsə, bir də görəcəklər ki, Ali Baş Komandan İrəvanda Azərbaycan bayrağını qaldırır. O günlərin də sevincini Tanrı bizə yaşatsın.

SÖZ ARDI

Müsahibim o qədər aramla danışırdı ki, dediyi hər kəlmənin arxasında bir məsuliyyət hiss olunurdu. Vaxtın necə keçdiyinin fərqinə belə, varmadım. Beləcə, əziz oxucu, daha bir söhbətin sonuna çatdıq və yazının nöqtəsini Umud Rəhimoğlunun misraları ilə qoymaq istədim:

Dərdim oldu özgə dərdi,
Mən unutdum, o göyərdi,
Ömür bitdi, ölüm bitdi,
Biz hamımız bir adamıq.

 

Tamilla TEYMURQIZI

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Hamısı