Ermənilər Qarabağdan qoşunlarını geri çəkir - Moskvanın bayrağı yoxsa Azərbaycanın dəmir yumruğu? - ednews.net

28 Oktyabr, Cümə axşamı

Ermənilər Qarabağdan qoşunlarını geri çəkir - Moskvanın bayrağı yoxsa Azərbaycanın dəmir yumruğu?

Müsahibələr A- A A+

İnternet məkanında yayılan qeyri-rəsmi məlumatlara görə, qanunsuz erməni silahlı dəstələrinin Qarabağdakı mövqelərindən çıxarılmasına start verilib. Azərbaycanın hərbi jurnalistlərinin verdiyi məlumatlarda bildirilir ki, proses Ağdərə istiqamətində başlayıb. Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladılıb, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlərlə doldurub. Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşdirilib.

Mövzuyla bağlı politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl EDNews.net-in suallarını cavablandırıb.

İlham İsmayıl: Rusiyanın şərtlərindən biri bu idi... - Meydan.TV

- İlham bəy, məlumatlara görə, Ağdərədə erməni postları boşaldılır, hətta partladılır, yerinə rus sülhməramlıları yerləşdirilir. Necə fikirləşirsiniz, bu prosesin davamı gələcəkmi? Yəni birgə bəyanatın 4-cü bəndinə uyğun olaraq erməni qoşunları Qarabağı tərk edəcəkmi?

- Doğrusu, Ağdərədəki erməni mövqeləri postdan çox hərbi istehkamlara bənzəyirdi. Yəni, orada postlar yox, əslində hərbi istehkamlar qurmuşdular. Ona görə də, Azərbaycan Müdafiə Nazirliyi bu istehkamların dağıdılmasını fevral ayından etibarən bir tələb kimi ortaya qoymuşdu. Fevraldan bu yana ermənilər bir-iki postu ləğv etsələr də əsas post və istehkamlar yerində qalırdı və tez-tez bu məsələ rəsmi Bakı tərəfindən qaldırılırdı. Ötən gün yayımlanan xəbərlərə görə isə Ağdərədə 9 istehkam xarakterli postlar dağıdılıb və ermənilər oradan geri çəkiliblər. Bu işi isə rus sülhməramlıları təşkil edib, hətta istehkamların bir qismi buldozerlər vasitəsilə bir hərbçilərimiz tərəfindən dağıdılıb. Təbii ki, bütün bunlar birgə bəyanatın 4-cü bəndinə əsasən həyata keçirilir.

Sizin suala gəldikdə isə bəli, bəyanata imza atan erməni tərəfi qeydsiz-şərtsiz öz qoşunlarını Qarabağdan çıxarmalıdır. Görünən odur ki, bu proses tədricən başlayıb. Yəni, 4-cü bənd əsasında bu bil ərzində müşahidə edirik ki, yavaş-yavaş, erməni ictimaiyyətinə hiss etdirilmədən erməni qoşunları keçmiş Dağlıq Qarabağ rayonlarından çıxarılır. Lakin bu proses çox ləng gedir. Birgə bəyanatın imzalanmasından az qala bir ötür, amma hələ də minlərlə erməni hərbçisi buradadır.

Mənə elə gəlir ki, Ermənistan birbaşa, bir günün içində Qarabağı tərk etməyəcək və erməni ictimaiyyətinin reaksiyasından çəkinən Paşinyan hökuməti bunu bir andaca edə bilməz. Heç növbəti bir il ərzində də edə bilməz və çalışacaq ki, etməsin. Burada artıq söz Azərbaycan diplomatiyasına düşür. Azərbaycan diplomatiyası kəskin mövqe ortaya qoymalı və erməniləri Qarabağdan çıxmağa məcbur etməlidir.

Ağdərə və digər rayonlarımızdakı düşmən post və istehkamların dağıdılması həm də qaçqınların öz yurd-yuvalarına qayıtmasına zəmin hazırlayacaq. Çünki bununla həm də onların təhlükəsizliyi təmin ediləcək.

- Bəs ermənilərin bu geri çəkilməsinin arxasında Azərbaycan-Rusiya münasibətlərindəki geri dönüşün, 180 dərəcəlik dəyişməni təsiri ola bilərmi? Çünki 2 həftə əvvəllə müqayisədə bu gün Azərbaycan-Rusiya münasibətlərində xeyli yumşalma hiss olunur və bu yumşalma Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarında da özünü təzahür etdirir. Qısa müddət əvvəl Rusiyanı Ermənistanı silahlandırmaqda ittiham edən Əliyev bu gün erməni mediasını Azərbaycan və Rusiya münasibətlərini pozmaqda ittiham edir. Qısası, Rusiya ilə münasibətlər istiləşdiyinə görəmi erməni postları partlayıb?

- Bəli, iki həftə əvvələ qədər Rusiya və Azərbaycan Müdafiə Nazirlikləri səviyyəsində qarşılıqlı ittihamlar səsləndirilir, hətta Azərbaycan dövlət başçısı Rusiyanı tənqid edən bəyanatlar verirdi. Lakin bu gün tam başqa proses izləyirik. Məncə, münasibətlər Rusiyanın cəhdləri ilə yumşalıb. Bu gün Azərbaycan elə öz-özlüyündə Cənubi Qafqaz deməkdir. Rusiya Azərbaycanı, yəni Cənubi Qafqazı itirmək istəmir. Və münasibətlərin daha artıq gərginləşməsinə imkan vermir. Münasibətləri normallaşdırmaq üçün də Ağdərədə sözügedən addımları atır.

- Rusiyanın Azərbaycanla münasibətləri normallaşdırma cəhdləri Paşinyanın Türkiyə ilə diplomatik əlaqələri bərpa etməklə bağlı cəhdlərindən sonra meydana gəldi. Ola bilərmi ki, Moskva Türkiyəyə, daha doğrusu, Qərbə qaçan (Türkiyənin NATO ölkəsi olduğunu nəzərə alaraq) müttəfiqini cəzalandırmaq üçün Ağdərədəki postlardan onu çıxarır?

- Tamamilə doğrudur, Ermənistanda Qərbin təsiri hiss olunur. Paşinyanın Türkiyə cəhdlərinin də arxasında Qərb durur. Rusiya bunu görür və buna mane olmaq üçün öz metodları ilə Ermənistana təzyiqlər göstərir. Unutmaq olmaz ki, həm Ermənistan, həm də Azərbaycan Rusiyanın itirmək istəmədiyi ölkələrdir. Məhz buna görə də Azərbaycan Paşinyanın Türkiyə ilə əməkdaşlıqla bağlı çağırışları müsbət qarşılamalı və öz ritorikasını bu məsələdə korrektə etməlidir.

Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...