Səmada kəsişən və toqquşan maraqlar - Türkiyə ABŞ-dan istədiyini ala biləcəkmi? - ednews.net

30 Noyabr, Çərşənbə axşamı

Səmada kəsişən və toqquşan maraqlar - Türkiyə ABŞ-dan istədiyini ala biləcəkmi?

Müsahibələr A- A A+

Türkiyənin Rusiya ilə regionda yaxınlaşması, habelə Rusiyadan S-400-lərin ikinci partiyasının alınması barədə son anlaşma ABŞ-ın ciddi narazılığına səbəb olub. İş o yerə çatmışdı ki, Vaşinqton nəinki Ankara ilə hərbi əməkdaşlığı dayandırmış, hətta digər müttəfiqlərinə Türkiyəyə PUA və digər hərbi ləvazimatların satışına sanksiya tətbiq etmələri tələb kimi irəli sürmüşdü. Lakin Türkiyənin dirənişi əks reaksiyaya gətirib çıxardı. 

Belə ki, ötən gün Ağ Ev Türkiyənin ABŞ-dan yeni F-16 təyyarələri almaq tələbini dəstəkləyini bildirdi. Türkiyənin təklif etdiyi 40 ədəd F-16 döyüş təyyarələrini almaq və ölkədə olan 80 ədəd təyyarəni təkmilləşdirmək layihəsinin ümumi məbləği 6 milyard dollar (54.02 milyard TL) dəyərindədir.  

Amma ortada ciddi problem var. Türkiyənin müqavilə təklifi Konqresdə təsdiq edilməlidir. ABŞ Konqresinin isə Türkiyə-Rusiya münasibətləri daxil olmaqla, bir çox fikir ayrılığı səbəbindən Ankaraya silah satılmasına qarşı çıxması real görünür.

Onu da əlavə edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxınlaşan qlobal G-20 zirvəsində ABŞ Prezidenti Co Bayden ilə görüş keçirəcəyi gözlənilir. Lakin tərəflər mümkün görüşdə hansı məsələlərin müzakirə olunacağı barədə ta açıqlama verməyib. Bu səbəbdən, təyyarə müqaviləsinin də müzakirə mövzusu olab-olmayacağı bəlli deyil. 

Türkiyə F-16 tələbində həmin təyyarələrin verilməməsi təqdirdə təkcə Ankaranın deyil, NATO-nun cənub cinahının da risk altında qalacağını bildirir. Bundan əlavə, Türkiyə NATO üzrə müttəfiqi, eləcə də düşmən dövlət olan Yunanıstanın Fransadan yenicə aldığı “Rafale” qırıcılarına istinad edərək, ABŞ-ın müqaviləni təsdiqləməməsinin özü üçün təhlükə olacağını qeyd edib. 

Bayden administrasiyası müqavilə ilə bağlı heç bir etirazının olmadığını vurğulayır. Demək, Ağ Ev və Konqres arasında yeni ixtilaf görünür. 

Türkiyədən olan Beynəlxalq Əlaqələr üzrə ekspert, siyasi şərhçi Göktuğ Çalışkan məsələ ilə bağlı EDNews-net-ə müsahibə verib.  

- Bayden administrasiyası ötən gün Türkiyənin F-16 təyyarələri və hissələri ilə təmin edilməsinə etirazının olmadığını ifadə edib. Halbuki, Bayden bir qədər əvvəl müttəfiqlərinə S-400 alması səbəbindən Türkiyəyə sanksiyalar tətbiq etməsini tələb etmişdi. Ağ Evi yumşaldan səbəb nədir?

- Bayden administrasiyası S-400 məsələsi ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar istəmişdi. Bununla belə, Bayden administrasiyası Türkiyənin uzun illərdir Qərbə yaxın olduğunu və ABŞ-la münasibətlərinin ümumiyyətlə yaxşı olduğunu nəzərə almaqdadır. Kəskin addımlar isə Türkiyənin Rusiyaya yaxınlaşmasına aparır. Çünki son vaxtlar ABŞ-la münasibətlərin gərgin olması səbəbindən Türkiyə Rusiya ilə həm regional, həm də müxtəlif razılaşmalar və ya anlaşma memorandumları, həmçinin silah alqı-satqısı müqavilələri ilə bağlı danışıqlarını gücləndirib.  Yunanıstanın bu yaxınlarda Fransadan döyüş təyyarələri və yeni silahlar aldığı da məlumdur. Bu səbəbdən, düşünürəm ki, Bayden administrasiyası Türkiyənin Rusiya və Şərq ölkələri ilə yaxınlaşmaması və Aralıq dənizində təhlükəsizlik balansının pisləşməməsi üçün belə bir qərar verməyə ehtiyac duydu.

- Bayden Türkiyəyə F-16 satılmasını müsbət qarşılasa da, Konqresin buna qarşı çıxacağı ehtimalı qalır. Bayden administrasiyası ilə Konqres arasındakı ixtilaf nədən qaynaqlanır? 

- Bayden administrasiyası bölgədəki maraqlarına uyğun hərəkət etmək istəsə də, Konqresin son illərdə ABŞ-ın istəklərinə qarşı hərəkət edən Türkiyəyə qarşı sərt mövqe tutur. Lakin Türkiyənin bölgədə zəifləməsi NATO-nun cənub cinahının zəifləməsi deməkdir. Buna görə də, Bayden və rəhbərliyinin bu vəziyyəti nəzərə aldığını düşünürəm.  Bununla birlikdə, Bayden rəhbərliyi və Konqresin bu mövzuda fikir ayrılığı var, çünki Konqresin Türkiyəyə qarşı hələ də əks mövqeyi mövcud olaraq qalır.

- Türkiyə S-400-lərə yiyələnərək, eyni zamanda F-16-lara da sahib ola biləcəkmi, yoxsa Türkiyə ABŞ-dan əlini üzərək Rusiyaya tam yaxınlaşacaq? Ümumiyyətlə, G-20 zirvə görüşü Türkiyə ABŞ münasibətləri barədə nələri vəd edir? 

- Türkiyənin Rusiya cinahına çox yaxınlaşacağını düşünmürəm. Çünki ABŞ rəhbərliyi bu vəziyyətə göz yummayacaq və buna uyğun hərəkət edəcək. Türkiyənin artıq F-16-ları var. Lakin həm yeni təyyarələrin, həm də modernləşdirilməsi üçün dəstlərin alınması Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə eyni anda həm F-16, həm də S-400-ə sahib olacaq. Türkiyənin gücünü qoruması da bölgənin təhlükəsizliyi üçün çox önəmlidir. Bayden komandası bu vəziyyəti nəzərə alaraq G-20 zirvəsində müvafiq addımlar atılacaq. Bu zirvənin son illərdə gərginləşən Türkiyə-ABŞ münasibətlərinin bərpasına böyük təsir göstərəcəyini düşünmürəm.  Ancaq qarşılıqlı maraqları nəzərə alaraq irəliləyiş əldə edilə bilər.

Elnur Ənvəroğlu 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...