Mariupollu müəllim: Nənə və baba Qarabağ qaçqını olublar, indi də nəvələr qaçqın düşdülər

Müsahibələr 20:10 14.04.2022

Mariupol Ukrayna müharibəsində hərbi müqavimətin və humanitar fəlakətin simvoluna çevrilib. Ukrayna Prezidenti Volodimir Zelenski son çıxışlarının birində bildirib ki, ölkədə ən ağır vəziyyət Mariupoldadır.

“Ən pis vəziyyət Mariupoldadır... Mariupol dağıdılıb. Orada on minlərlə ölən var. Amma buna baxmayaraq, Rusiya hücum əməliyyatını dayandırmır. Onlar nümayişkaranə şəkildə Mariupolu dağıdılmış şəhərə çevirmək istəyirlər”, - deyə dövlət başçısı bildirib.

Mariupol uğrunda gedən döyüşlərin ayyarımı ərzində dinc əhalinin təxliyəsi Ukrayna hakimiyyəti üçün ən çətin məsələlərdən biri olaraq qalıb. Rusiya qoşunları tədricən şəhərin bütün yeni ərazilərinə nəzarəti ələ keçirərək, Mariupol sakinlərinin Ukraynanın digər bölgələrinə getməsini çətinləşdirib. Onların bəziləri Rusiyaya və ya onun nəzarətində olan ərazilərə getməyə məcbur olublar.

Media.Az ailəsi ilə birlikdə şəhərdən çıxmağı bacaran Mariupol sakini ilə söhbət edib. Hazırda onlar Lvov vilayətindədirlər. Sergey Azərbaycan auditoriyasına həyat yoldaşı və 17 yaşlı qızı ilə mühasirədə olan Mariupolda necə sağ qaldıqları, merin sözlərinə görə, hələ də 100 minə yaxın sakinin qaldığı şəhəri necə tərk edə bildikləri barədə danışmağa razılaşdı. O, şəhərdə qalan qohumlarının taleyindən qorxduğu üçün soyadını və dəqiq iş yerini qeyd etməməyi xahiş edib.

Qeyd edək ki, müsahib 1996-cı ildən məktəbdə tarix müəllimi işləyib və tarix elmləri namizədidir.

- Bir tarixçi kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə ehtimal verirdinizmi?

- Təəssüf ki, bu məsələdə özümü pis mütəxəssis kimi göstərdim, amma nəinki mən, Ukraynadakı, demək olar ki, bütün həmkarlarım belə, birbaşa işğalın baş verəcəyini gözləmirdilər. Əksəriyyətimiz Qərb kəşfiyyat məlumatlarının informasiya müharibəsinin, bir növ siyasi oyunun bir hissəsi olduğuna inanaraq sakit idik. Bundan əlavə, prezident də daxil olmaqla mərkəzi hökumətin nümayəndələri əmin etdilər ki, Baydenin (Co Bayden – red.) elan etdiyi 16 fevral işğal tarixi artıq keçdiyi üçün qorxmağa və təlaşa düşməyə ehtiyac yoxdur. Amma səkkiz gündən sonra genişmiqyaslı müharibə başladı.

Şəxsən mən düşünürdüm ki, vəziyyət ilk növbədə Donbasdakı demarkasiya xəttində gərginləşəcək. Prinsipcə, bu vəziyyət 2014-cü ildən bəri uzanır və Mariupolda, bizdən uzaq olmayan bir yerdə vaxtaşırı atəş açılmasına öyrəşmişdik. Fikirləşdik ki, bəlkə, bir az da atacaqlar, bununla da bitəcək. Bizim proqnozlarımız belə idi.

Üstəlik, şəhər rəhbərliyi bizi əmin etdi ki, Mariupol yaxşı qorunur, şəhər Ukraynanın şərqdəki forpostudur. Panikaya düşməməyə çağırdılar. Birbaşa işğal başlayanda belə, şəhər rəhbərliyindən və merdən, optimist olmasa da, heç olmasa, arxayınlaşdırıcı bəyanatlar var idi.

- Fevralın 24-də Mariupolda nə baş verdi?

- Səhər saatlarında şəhərin şərq kənarında partlayış səsləri eşidildi və bu, əks-səda şəklində bizə çatdı. Sakinlər dərhal mağazalara, apteklərə, bankomatlara axışdılar... Nəhəng növbələr müşahidə olunub. Yəni şəhərlilərin ilk reaksiyası zəruri mallar almaq oldu. Merin necə çıxış etdiyini, təlaşa düşməməyə çağırdığını və şəhərin yaxşı qorunduğuna əmin etdiyini xatırlayıram. Şəhəri tərk etmək qərarına gələn o azsaylı insanlar arasında bizim tanışlarımız da var idi. Yadımdadır, onları necə fikirlərindən daşındırmağa çalışırdıq, deyirdik ki, haraya gedirsiniz, çünki Ukraynanın hər yerində hərbi əməliyyatlar gedir. Həmin vaxt hələ şəhərlərlə dəmiryolu əlaqəsi var idi. Sonra körpülər və dəmiryolu partladıldı.

Müharibənin ilk həftəsində, martın 24-dən martın 1-dək şəhərdə partlayış səsləri yalnız qonşu kəndlərin atəşə tutulduğu şərq istiqamətində eşidilirdi. Bu arada şəhərin böyük hissəsi işıq, internet, mobil rabitə, su və qazla təmin olunub.

- Martın 2-də nə baş verdi?

- Həmin gün Rusiya qoşunları bütün elektrik kommunikasiyalarını, qaz kəmərlərini, su borularını, mobil rabitə qüllələrini dağıtdı. Şəhər qaranlığa qərq oldu. Elə həmin gün şəhərin bütün rayonları, o cümlədən bizim rayonlar kütləvi atəşə tutulmağa başladı.

- Şəhərlilərin getmək imkanı olubmu?

- İnsanların təxliyəsi üçün heç bir yol yox idi. Olsaydı belə, heç bir əlaqə olmadığı üçün insanların bundan xəbəri olmazdı. Batareya ilə işləyən radiomuz var idi, onun vasitəsilə şəhərdəki vəziyyətlə bağlı, heç olmasa, bir az məlumat almağa çalışdıq, ancaq Mariupolun adı ötəri çəkilirdi. İnsanlar rayon rəhbərliyinə, polis bölmələrinə gedirdilər. Onlara bildirilirdi ki, Rusiya tərəfi təxliyə avtobuslarını buraxır. Biz təxliyəni gözlədik, amma bu baş vermədi.

Martın 14-dən etibarən şəxsi avtomobillə çıxışa icazə verildi. Martın 16-da bizə yola düşmək nəsib oldu. Bir-iki gündən sonra bu “dəhliz” bağlandı.

- Şəhərdə mağazalar, apteklər işləyirdi?

- Əlbəttə, yox. Şəhərdə elektrik enerjisi kəsiləndə bütün obyektlər bağlandı. İkinci gün, martın 4-də kütləvi talan başladı. Çoxları bunu çarəsizlikdən etdi, buna haqq qazandırmaq olar. İnsanların ərzağı bitmiş, ya xarab olmuşdu, gənc analar uşaq bezi, süni uşaq qidası və ya dərmana ehtiyac duyurdular. Elə olub ki, polis əməkdaşları maşınla mağazaya yaxınlaşıb, şüşələri sındırıb və insanlara yemək paylayıblar.

Digər tərəfdən, insanların həyati əhəmiyyət kəsb etməyən şeyləri (elektronika, ütü masası, ləyənlər) götürmələrini əsaslandırmaq mümkün deyil. Bir qadın beş gödəkçə götürdü. Sual olunur, niyə? Onun bu gödəkçələrlə hələ də sağ olub-olmadığı bilinmir. Bu, narazılığa səbəb olurdu.

- Necə yaşayırdınız?

- Martın 2-dən dəhlizdə və hamamda yatmağa başladıq, çünki pəncərələr yox idi və qəlpə yaraları almaq mümkün idi. Yaxınlıqda bomba sığınacağı olmadığı, zirzəmi isə şəraitsiz olduğu üçün mənzildə gecələməli olurduq.

Martın 16-na qədər biz daş dövründəki kimi yaşadıq, qonşularla ocaqda yemək bişirdik. Bunun üçün həyətdəki ağacları kəsdik, taxta yığdıq, su üçün bulağa getdik. Bütün bunlar isə mütəmadi atəş altında baş verirdi. Gedirsən, əyilirsən, haradasa uzanırsan... Fit səsi eşidən kimi ocağın yanından dəhlizə qaçırsan, baxmayaraq ki, bu da xilas etməzdi.

Ərzaq ehtiyatı az idi, çünki biz artıq sovet dövründə olduğu kimi gələcək istifadə üçün ərzaq toplamaq vərdişindən çıxmışdıq. Heç konserv də bağlamırdıq. Bilirdik ki, istənilən vaxt mağazadan lazımi məhsulları almaq olar. Məlum oldu ki, biz həssas vəziyyətdəyik. Ət xarab olmamış onu ocaqda bişirə bildik. Bir az buğda, konservlər var idi... Qonşular bir-birinə kömək edirdilər. Şəhər hər tərəfdən mühasirəyə alındığından, ərzaq çatdırılmadığından hökumətdən humanitar yardım olmayıb. Cəmi bir dəfə şəhərimizin ərazisində meydana içməli su sisterni və bir yük maşını dolusu pryanik, peçenye gətirildi. Növbədə 400 nəfər var idi.

- Şaxtalı havada isidilməmiş evlərdə necə isinirdiniz?

- Mənzildə istilik təxminən 10 dərəcə olsa da, ən az düşündüyümüz məsələ idi. İsti paltar, pencək, papağı çıxarmırdıq. Ən çətini qaz və su çatışmazlığı idi. Ocaq qalamalı və su üçün mərmilərin altında gəzməli, eləcə də həyatı riskə ataraq uzun növbələrdə dayanmalı olurduq.

- İnsanların aclıqdan öldükləri vaxtlar olubmu?

- ... aclıqdan və susuzluqdan. Bir qayda olaraq, qonşular bir-birinə kömək edirdilər, lakin belə hallar olub. Ən çox isə müəyyən dərmanların qəbulundan asılı olan xroniki xəstəlikdən ölürdülər. Məsələn, dostumun şəkər xəstəsi olan anası insulini tükəndiyi üçün öldü. Dəfn xidmətləri işləmədiyi üçün mərhumlari qohum-qonşuları həyətlərdə basdırırdılar. Mən özüm bunu dəfələrlə müşahidə etmişəm.

- Küçələrdə qalan meyitlər görmüsünüz?

- Şəxsən mən görmədim, çünki evdən uzağa getmirdim, amma martın 21-də təxliyə edilən dostum Mariupolun mərkəzindən keçəndə gördüklərindən şoka düşdüyünü söylədi. O, bunu Qiyamət günü ilə müqayisə edirdi: hər yer meyitlər, sürünüb inləyən insanlarla dolu olub... Doğrudan da, meyitləri heç kim yığışdırmır.

- Şəhərin binalarının 90%-nin dağıldığı doğrudurmu?

- Bəli, elədir.

- Yaşadığınız ərazi nə qədər zərər görüb?

- Davamlı olaraq atəşlər açılırdı. Bir dəfə qonşu evin damına mərmi düşüb. Daim qorxu içində yaşayırdıq. Bu gurultunu eşidirsən və bombaların haraya düşəcəyini bilmirsən. Sonradan biz şəhərin digər yerlərində də genişmiqyaslı dağıntılar olduğunu öyrəndik. Məsələ burasındadır ki, Rusiya qoşunları qərbdən daxil olub, ona görə də həmin ərazilərdə evlərin əksəriyyəti tamamilə dağılıb. Doğrusu, Mariupoldan çıxa bildikdən sonra bildik ki, qaldığımız ərazidə şiddətli döyüşlər gedir, çoxlu evlərə ziyan dəyib, yanğınlar müşahidə olunub, klinikamız, məktəbimiz dağılıb.

- Mariupolda humanitar fəlakət var. Ukrayna hakimiyyəti fiziki cəhətdən şəhəri ərzaqla təmin edə bilmir. Rusiya tərəfi özünü necə aparır?

- Onlar bu yaxınlarda işğal etdikləri ərazilərin sakinlərinə çörək-su paylamağa başlayıblar. Bu həmişə Rusiya kanallarında çəkilib, yayımlanır. Məlumatlar elə təqdim olunur ki, sanki Ukrayna öz vətəndaşlarını taleyin ixtiyarına buraxıb, onlar isə “xilaskar” kimi əhalini aclıqdan xilas edirlər. Bütün bunlar təbliğat mənzərəsi xatirinə edilir. Bu, rüsvayçılıq və ikiüzlülükdür, çünki Rusiya şəhəri mühasirəyə alıb, bombalayıb, indi də humanitar yardım paylayır.

- Bütün dünya Mariupolda dram teatrının və doğum evinin bombalanmasını müzakirə etdi...

- Mən şəxsən bu bombalanmış teatrı görmüşəm. Orada təxminən 900 adamın gizləndiyi çox yaxşı bomba sığınacağı var idi. Binanın yanında böyük “Uşaqlar” yazısı vardı. Lakin oraya Rusiya təyyarəsindən bomba atıldı, təxminən 300 nəfər öldü. Niyə belə oldu, bilmirəm. Amma feyk deyil! Binanın yarısı dağılıb, yalnız fasadı salamat qalıb. Doğum evində də eyni vəziyyət idi. Rusiya tərəfi bunu onunla əsaslandırır ki, guya “Azov” batalyonunun üzvləri orada olublar, amma onlar dəqiq orada olmayıblar. Rusiyalıların nasistləri bombalamaq fikri var. Axı nasistlər kimlərdir?

- Qohumlarınızdan və ya dostlarınızdan kimsəni itirmisiniz?

- Təəssüf ki, bəli. Bizim yaxşı dostumuz, şəhərin tanınmış adamı, yerli telekanallardan birinin operatoru dünyasını dəyişib. Onun ailəsi xeyriyyəçiliklə, xəstələr üçün pul yığmaqla məşğul idi. Onun mənzilinə mərmi düşdü, qəlpə yarasından öldü.

- Mariupoldan çıxanda necə qaça bildiniz?

- Radiodan eşitdik ki, şəhərdən ilk maşınlar çıxıb. Bu, martın 14-də idi. Maşınımız olmadığı üçün şəhərdən kiminlə çıxa biləcəyimizi axtarmağa başladıq. Əvvəlcə bizi heç kim apara bilmədi, çünki yerlər yox idi.

Bir gün sonra evimizin yaxınlığında yerləşən yeni tikilmiş müasir hovuzlu kompleksə bomba düşdü. Orada əbəs yerə humanitar yardım gözləyən çoxlu insan var idi, eləcə də həlak oldular. Onların sayının nə qədər olduğunu bilmirəm. Bu hadisədən sonra bütün qonşularımız, hətta axıra kimi qalacaq olanlar da getməyə qərar verdilər. Bəziləri maşınlara tərəf qaçdılar, bəziləri isə bizim kimi qoşulmağa adam axtardılar. Bir çox qonşuların artıq şəhərin daha çox zərər çəkmiş bölgələrindən onlara sığınan qohumları var idi, ona görə də bizim üçün yer qalmadı. Həyat yoldaşım təlaşda idi, ətrafda hamı gedirdi...

Martın 16-da qonşu evdə furqon yükləyən yad adamlar gördük. Onların üç boş yeri var idi. Mən bunu möcüzə kimi qəbul edirəm! Bizi apardılar. Furqonun haraya getdiyini də soruşmadıq. Biz Zaporojyeyə çatmaq istəyirdik, lakin o insanlar tamam başqa yerə getdilər. Onlar bizi şəhərətrafı Manquş kəndinə gətirdilər, bura “DXR” separatçılarının nəzarətində olan ərazidir. Bizi gecəylə magistral yola düşürdülər.

Yerli sakinlər bizə gecələməyə imkan yaratdılar, səhər saatlarında isə yoldan hər-hansı maşın tutmaq üçün yenidən magistral yola qayıtdıq. Dörd saatdan sonra bir maşın dayandı və bizi Zaporojyeyə apardı.

- Keçid məntəqələrini necə keçdiniz?

- O vaxt Ukrayna ərazisindən şəxsi nəqliyyatla getmək hələ mümkün idi. Lakin bir neçə gün sonra, martın 22-dən etibarən Mariupol sakinləri yalnız Rusiyaya doğru təxliyə oluna bildilər. İnsanlar Novoazovska (“DXR” separatçılarının nəzarətində olan ərazi – red.) aparılır və oradan Rusiyanın müxtəlif şəhərlərinə paylanırlar. Biz bundan əvvəl çıxa bildik. Ümumilikdə, Zaporojyeyə gedən yolda Rusiyanın 20 nəzarət-buraxılış məntəqəsini keçdik. Bəzən atəşə tutulurduq, qorxu və risklə yolumuza davam etdik.

Rusiya hərbçiləri, görünür, işğallarına bir növ haqq qazandırmaq üçün qeyri-təbii nəzakətli davrandılar. Onlar mülki şəxslərlə döyüşmədiklərini hər cür nümayiş etdirməyə çalışırdılar. Bizə yaxşı yol arzuladılar, mehriban idilər. Amma mən bunu “İudanın öpüşü” kimi qəbul edirəm. Əvvəlcə şəhəri, evləri, bütün həyatı məhv et, sonra isə belə ikiüzlülüklər göstər... Çox da ilişməmələri bizim xeyrimizə idi. Buna baxmayaraq, bütün gənclər qurşağa qədər soyundurulurdu ki, çiyinlərində pulemyot izi, yaxud Ukrayna simvolları olan döymələrin olub-olmadığını görsünlər. Hər bir səyahətçinin telefonunda “qalereya”ya da baxılırdı. Yoxlamadan əvvəl şəkilləri və messenceri hərtərəfli təmizləməli oldum.

Bütün blokpostları keçdikdən sonra biz minalanmış “neytral zona” adlanan yerə düşdük. Hərəkət etmək çox təhlükəli idi. Diqqətlə gedirdik. Zaporojyedən az əvvəl Ukrayna hərbçilərinin nəzarətində olan ərazilər başladı. Zaporojyedə qaçqınlar mərkəzinin işi yaxşı qurulub. Bizi yedirdilər, su verdilər, avtobusla gecələmək üçün təchiz olunan bağçalara apardılar. Orada isti və rahatdır. Getməyə başqa yerimiz yox idi. Lvovlu həmkarımla əlaqə saxladığımız zaman o, bağ evində yaşamağı təklif etdi. Beləliklə, evakuasiya qatarı ilə Lvova çatdıq.

- Bundan sonra nə etməyi planlaşdırırsınız?

- Mən bilmirəm… Bilirsiniz, mən abituriyentləri ali məktəblərə qəbul imtahanlarına hazırlamaqla qazanırdım. Bu il qızımın sinif yoldaşı və rəfiqələri olan iki azərbaycanlı bacı ilə məşğul oldum. 90-cı illərdə onların nənələri və babaları Qarabağdakı evlərini tərk etmək məcburiyyətində qalıb, bundan sonra Mariupolda məskunlaşıblar. Çox ləyaqətli ailədir... Qızlar universitetə ​​daxil olmaq üçün həvəslə Ukrayna dilini və Ukrayna tarixini öyrənirdilər. Bilirəm ki, onlar da gedə bildilər. Taleyin acı hökmü ilə nənə və babaları qaçqın olan nəvələrin indi özləri də qaçqın oldular.

Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO

Xəbər xətti

Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Hamısı