Ednews “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsinin rahibi Radoslav Şudixlə müsahibəni təqdim edir:
- Əvvəlcə özünüz haqda məlumat verərsiniz?
- Çexslovakiyada doğulmuşam. İndi artıq Slovakiyadır. 42 yaşım var, 12 ildir Azərbaycanda yaşayıram. Orta təhsilimdən sonra gimnaziya üzrə oxumuş, daha sonra univeristetdə iqtisadiyyat üzrə təhsil almışam. İqtisadiyyat mühəndisiyəm, sonra ikinci ixtisas olaraq fəlsəfə və ilahiyyat üzrə oxudum. Komputer sahəsində bir müddət çalışmışam. Tərcüməçi kimi də işləmişəm.
- Hansı dillər üzrə?
- Çoxlu dillər.
- Neçə dil bilirsiniz?
- Hardasa 9 dil bilirəm.
- Hansı dillərdir?
- Çex, slovak, ingilis, alman, italyan, rus, fransız, latın, azərbaycan.
- Necə oldu ki, rahib olmağa qərar verdiniz?
- Uşaqlıqdan demək olar ki, imanlı idim. Atam din adamı olmasa da, anam imanlı idi. Anam uşaq yaşlarımda məni kilsəyə aparır, dualar oxuyurduq. İmanlı insanlar düşünür ki, mən həyatımda nə edim? Bu sualı Allaha da ünvanlayırlar. Müəllim olum, evlənim, rahib olum, kim olum? Biz imanlılar çalışırıq ki, Allahın iradəsi üzərimizdə olsun. Bu çox vacibdir. Bir neçə dəfə təhsil aldıqdan sonra qərara gəldim ki, rahib olum. Rahiblərlə çox danışdım, ilahi kitablar oxudum. Ruhani həyata özümü hazırladım. Rahib insanlara xidmət edir. Bizim rahib cəmiyyəti uşaqlara və gənclərə tərbiyə verir.
- Bəs niyə Azərbaycana gəldiniz?
- 2011-ci ildə Slovakiydan eyni zamanda 3 rahib getdi (bir sağlamlığa görə Avropaya qayıtmalı idi, o birisilər təhsil almağa getdi). Məndən soruşublar ki, buraya kömək etməyimi təsəvvür edə bilərəm. Mən razı oldum və o vaxtdan bəri burdayam.
- Nə vaxtdan bu kilsədə rahibsiniz?
- 2011-ci ildən.
- Kilsəyə azərbaycanlılar tez-tez gəlir?
- Sualınızdan əvvəl bunu deyim ki, insan gec-tez Allaha çatır. Çünki bizi yaradan var və o mərhəmətlidir. Ürəyimizi sevgi ilə yalnız Tanrı doldura bilər. Müdriklik, xeyirxahlıq hər xalqda demək olar, var. Tanrı puldan çox əbədi həyat verə bilər. Cənnəti pulla almaq olmaz. Dünyəvi insanlar rahiblərə hərdənbir yazıq, dəli kimi baxırlar. Mənə başa salmağa çalışırlar ki, dünyada pul, biznes var. Mən isə iqtisadiyyat mühəndisi ola-ola onlara deyirəm ki: "hə, xəbərim var“.(gülür)
- Rahib olmaq üçün insan nələrdən imtina etməlidir?
- Pul qazanmaq normal bir şeydir, amma həyatın mənası pulda deyil. Rahiblər buna görə kasıblıq andı içir. Dünyəvi şeylərdən, maddiyyatdan əl çəkir. Rahiblər nə lazım olsa Allah mənə verəcək deyir. İtaət və bakirlik andları da var. Çalışırıq ki, həyatımızda özümüzün yox, Tanrının iradəsi olsun. Qəbul edirik ki, Tanrı bizdən böyükdür və bizdən yaxşı bilir. Biz də onun müqəddəs iradəsini axtarırıq. Rahiblikdə əsas 3 məsələ vacibdir: kasıblıq, bakirlik və təvazökarlıq. İntim əlaqələrimiz yoxdur. Evlənmək normaldır, amma həyatın mənası deyil. Cənnətdə evlənib-boşanmaq söhbəti yoxdur. Beləliklə, məhəbət birinci yerdədir. Biz isə hər kəsi bacı-qardaş kimi məhəbbətlə sevirik. Rahib kimi insanları qardaş kimi sevməliyəm. İmansız insanlara bunu başa salmaq olmur. Onlar bizə qəribə baxırlar. İnsanlar elə bilirlər ki, evlənib xoşbəxt olmaq onların əsas məqsədidir. Evlənə bilməyən insanlar da həyatı mənasız hesab edirlər. Yalnız Allahın məhəbbəti həqiqətdir.
- Allahı necə təsvir edərdiniz?
- Allahı tam təsəvvür edə bilmir, dərk də edə bilmirik. Buna görə izahatlarlarla onu anlamaq, xasiyyətlərini başa düşmək olar. Motivasiyalar cürbəcür olur. İslam dinində ən böyük motivasiya qorxudur, məsihçilikdə Rəbb Allaha məhəbbətdir. Məsələn, əgər bir ailədə uşaq qorxudan otağını yığışdırırsa, yaxşı bir şeydir, amma motivasiya, səbəb kamil deyil. Əgər isə, uşaq ata-anasını sevir və buna görə otağını yığışdırırsa, onun bu hərəkətin səbəbi kamilliyə çatdı. Eyni ilə biz qorxa görə yox, məhəbbətə görə Tanrırın sözlərini, qanunlarını yerinə yetirməliyik. Atadan, anadan, həyat yoldaşından, ən yaxın dostundan da yaxın olan Tanrıdır. Hətta ən böyük günahlarımızı da bağışlayan və sevən yenə odur.
- Niyə insanlar dara düşəndə Allahı xatırlayırlar?
- Biz insanlar dəfələrlə o qədər də ağıllı deyilik və demək olar „duraki da“, yəni „axmaqlıq edirik“ və Tanrını unuduruq, yaxşı və ağıllı bir şeyi deyil bu.
- Günahlarını danışan adamlar yanınıza gəlirmi? Hansı dəhşətli günahlarını sizə danışırlar?
- Əlbəttə, kilsədə olan möminlər keşişin yanına gəlib öz günahları barədə danışırlar, amma bir keşiş bu „tövbə sirrini“ aça bilmir. Bu keşişlikdə qadağandır. Hətta belə halda, keşiş kilsədən qovulur“. İnsanlar gəlib günahlarını keşişə danışır. O da günahkarlara doğru yolu göstərir və Tanrının ona verdiyi səlahiyyəti ilə səmimi tövbədə etiraf olunan günahları yox edir – tövbə edənə bağışlanma verir. Keşiş də onlara kömək edir, Allahın təlimini danışır. Keşiş kömək edir ki, insanlar günahlarından azad olunsun. İnsanlar bağışlanmaq istəyirlər, tövbə etmək istəyirlər. Allah sevdiyini bağışlayandır.
- Bəs, Allah niyə sevdiyini cəhənnəm əzabı ilə qorxudur?
- İslamda ən böyük motivasiya qorxudur, xristianlıqda isə məhəbbətdir. İsa Məsih həvvarilərə tapşırır ki, başqalarına xidmət edin, cinləri qovun, günahları bağışlayın. Allah da günahları bağışlayır.
- Sizcə, insan tənhadır?
- Mənim intim münasibətində olan yaxın yoldaşüm yoxdur, bakirəm. Lakin, pak qardaşlıq məhəbbəti ilə sevən dostlarım və yaxınlarım çoxdur. İnsan nə qədər Allahın məhəbbəti ilə yaşayırsa tənha sayılmır. Allahdan uzaqlaşmaq tənhaqlıq perioduna daxil olur. Qardaşını sevməyən Allahı da sevə bilməz.
- Rahibin bir günü necə keçir?
- Günüm doludur, səhərdən axşama və axşamdan səhərə işdəyəm, maaşım yoxdur, amma işlərim çoxdur (gülür). Səhər 7:30-da yuxudan oyanıram, dualar edirəm həm tək, həm də başqa rahib qardaşlarla. Gün ərzində cürbəcür xidmətlər və işlərimiz var, görüşlər, dərslər, dualar, xidmətlər. Az yemək yeyirəm, daha çox yeməliyəm, bu mənim səhvimdir, insan öz bədəninə baxmalıdır, Allahdan verdiyi bir hədiyyədir axı. Mən yeməyə fikir verən deyiləm. Belə bir ifadə var: "bir keşiş ya rahib aclıqdan ölməz“, onda narahat olmaq lazım deyil. Ruhani şeylər daha vacibdir, insan iş görürsə, tənbəl deyilsə, Allah həmişə ona çörək verəcək.
- Gözəl bir qadın görəndə şeytan sizi yoldan çıxarırmı? Hissləriniz oyanırmı?
- Belə deyim, əgər bir stəkan doludursa, onu doldurmağa ehtiyac yoxdur. Evli bir kişi məhəbbətini yaşamırsa, fərqi yoxdur ki, onun həyat yoldaşı var. Çünki o başqa qadının yanına gedəcək. Onun ürəyi boşdur. Biz rahiblər çalışmalıyıq ki, qəlbimizi Allahın məhəbbəti ilə dolduraq. Şeytana gəldikdə isə, o bizdən güclü, ağıllıdır. Təbii ki, bizi də yoldan çıxarmaq istəyir. Əgər biz səmimi qəlblə Allahın yanındayıqsa, onda bizə şeytan hücum edə bilmir. Ürəyim doludusa, o gözəl qadına bacı kimi baxacam.
Söhbətləşdi: Oğuz Ayvaz