Erməni politoloq Abram Kasparyan bildirib ki, ABŞ ordusu təlimlərdən sonra Ermənistanı tərk etməyib, onların bir qismi Paşinyana dəstək vermək üçün İrəvanda qalıb.
ABŞ Ermənistanı niyə dəstəkləyir? O onu Azərbaycana qarşı qorumaq istəyir, yoxsa daxili ixtişaşlardan yaranacaq çevrilişdən? ABŞ niyə Paşinyanı hakimiyyətdə saxlamağa maraqlıdır?
Məsələ ilə bağlı politoloq Turab Rzayev Ednews-a açıqlmasında bildirib ki, ABŞ Azərbaycana qarşı Ermənistanı dəstəkləmir, əksinə Rusiyaya qarşı hərbi fon yaratmaq niyyətindədir:
“Hərbi Təlimlərlə bağlı razılıq əldə edilərkən ABŞ-ın Qafqazla bağlı planları artıq özünü biruzə verirdi. Paşinyanın ABŞ-ı Qafqaza daimi yerləşdirmək kimi bir siyasəti var idi.
Çünki bu hər iki ölkə üçün sərfəli olacaqdı.
Təxmin etmək olardı ki, ya hərbi təlimlərin müddəti uzadılacaq, ya da bir neçə rəsmi regionda qalacaqdı. Hazırda Paşinyanın devrilməsi ilə bağlı çətin bir situasiya yaranıb. Bütün müxalifət qüvvələr faktiki hakimiyyətə qarşı koalisiya təşkil edib.
Bu cür proseslərin olması Ermənistan üçün yeni bir situasiya deyil. 1990-cı illərdə parlamentdə Baş naziri gülləmişdilər. Eyni hadisənin təkrarlanmaması üçün ABŞ regiondakı yeganə kuklasını itirməməyə çalışır.
Həm ölkədəki koalisiya, həm də Rusiya Qərbin iştirakı ilə bir sülh istəmir. Bu da Paşinyan və tərəfdarlarını çətin vəziyyətə salır”.
Siyasi analitikin fikrincə, ABŞ Ermənistan vasitəsilə regionda hərbi baza yaratmayacaq. “Münasibətlərin korlanması hər iki ölkə üçün qənaetbəxş deyil. ABŞ-ın tək istəyi Cənubi Qafqazda Rusiyaya qarşı siyasət yürüdərək dayaq yaratmaqdır”.
Xəyal Ramiz