Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Observer" qəzetinə müsahibəsində bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər.
Əgər hərbi əməliyyatlara fasilə verilərsə, bu, beynəlxalq münasibətlərə necə təsir edə bilər?
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Ednews-a açıqlaması zamanı qeyd edib ki, sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir:
“Qədim zamanlardan insan cəmiyyətində belə bir ənənə var idi. Bayramlarda, xüsusi günlərdə hərbi əməliyyatlar ümumi razılıqla dayandırılırdı və adətən ətəşkəs rejimi qüvvəyə minən kimi görürsən ki, ümumi vəziyyətdə yumşalma yaranırdı. Daha sonra tərəflər artıq ünsiyyətə başlayırdılar və beləliklə də bəzi hallarda yenidən artıq silahların işə salınması öz zərurətini itirirdi. Ümumiyyətlə, bu çox yaxşı ənənədir. Biz bu yaxınlarda da gördük ki, Ramazan ayında Yaxın Şərqda atəşkəs olmadı. Baxmayaraq ki, müsəlman dövlətləri, bir çox mərkəzlər, hətta Avropa İttifaqının bəzi nümayəndələri, üzvləri çağırışlar etdilər ki, Qəzza bölgəsində hərbi əməliyyatlar dayandırılsın. Ancaq bu baş vermədi. Belə başa düşürəm ki, COP29 əsnasında həqiqətən də əgər dünyada hərbi əməliyyatlar dayandırılacaqsa, bu birincisi ev sahibi olan Azərbaycanın və onun yanaşmasının və onun diplomatiyasının gücünün, onun özünün humanistliyini bir daha dünya birliyinin qarşısında açacaq”.
Politoloq vurğulayır ki, sülhü bərpa etmək üçün bir sıra sabitləşdirici tədbirlərə üstünlük vermək lazımdır:
“Bütün münaqişəli vəziyyətlərdə iştirak edən tərəflər də həmin müvəqqəti atəşkəs rejimindən istifadə edərək danışıqlar masası ətrafında yerlərini ala biləcəklər. Bu baş verərsə, həqiqətən də çox böyük bir qazanc ola bilər dünya birliyi üçün. Çünki istər-istəməz nifrət, revanşizm bu kimi dəyərlər demək olar ki, bir çox xalqları ümumiyyətlə, dolaşıq vəziyyətə salır, onlara problemlər yaradır. Onsuz da indi dünyanın qarşısında çox vacib çağırışlar, risklər var. Bu həm kasıblaşma, ərzaq çatışmazlığı, həm qütbləşmə, həm də nüvə silahlarının artıq istifadəyə hazırlanması kimi problemlərdir. Bunların öhdəsindən isə bir gündə bir anın içində gəlmək mümkün deyil. Odur ki, tədricən yumşalma proseslərinə getmək lazımdır. Bir qədər sabitləşdirici tədbirlərə üstünlük vermək lazımdır. Mən elə başa düşürəm ki, əgər Azərbaycan paytaxtından dünyaya belə bir çağırış, translasiya edilirsə və eşidilirsə, onun çox böyük mahiyyəti var. Bu görüşdə siyasi dairələr və ölkələr içtimai dairələr ümumiyyətlə, dünya birliyi özü özlüyündə bax bu məsələni diqqətdə saxlamalıdır və çalışmalıdır ki, həqiqətən də bax bu dönüş əldə edilsin”.
Xəyal Ramiz