2024-cü il may ayında ölkədə 3884 qız, 4656 oğlan doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkədə yenə də gender bərabərsizliyi yaşanır. Azərbaycan millətində oğlan sevgisi, istəyi hardandır? Bəzi ailələrin düşüncəsi niyə oğlan uşağına meyillənir?
Bu barədə psixoloq Gülnar Orucova Ednews-a fikirlərini deyib.
“Atalar sözləri var ki, bu sözlər bizdə şüuraltımızda formalaşır: “Oğlan uşağı düşmən çəpəridir”,”Oğlu olmayanın nəsli davam etməz” və s. Nəsil, soy-kök sanki oğulla davam edir, qız olanda yox. Oğlan bizi hər kəsdən qoruyur, düşmən çəpəridir və buna görə də hər kəs istəyərmiş ki, oğlu olsun və oğul övladına da xüsusilə biz atalarımızın, babalarımızın adını veririk. Bu da bizi daha da xoşbəxt eləyir ki, biz oğul övladımıza atamızın, babamızın adını verdik. Hansı ki, bu heç doğru da sayılmır və qəbul edilmir, eyni ad və eyni soyadlı insanların ortaya çıxmasına səbəb olur. Bizdə bu milli adət-ənənələr, mental dəyərlərimiz oğlan uşağını daha önə çıxarır. İndi ailələrdə bir, ya iki uşaq olur. Üç uşaqlı ailələr çox nadirən olur və hər kəs də istəyir ki, o iki uşağın biri və yaxud da birinci uşaq oğlan olsun, əgər birinci oğlan olursa, sonra uşaq dünyaya gətirməsin”, - psixoloq deyib.
Orucova hesab edir ki, Azərbaycanda kişilər, xüsusilə, oğlan uşağına maraqlı olurlar və ona görə də onlar düşünür ki, oğlum varsa soyum davam edir və mən xoşbəxtəm ki, oğlum oldu. Yəni, bu düşüncə kişilərdə formalaşıb.
“90-cı illərdən etibarən USM aparatları çıxmağa başladı və bu da işi bir tərəfdən daha da asanlaşdırdı. İndi hər kəs aparata düşərək oğlan uşağı dünyaya gətirir və abortlar nə qədər qadağan olunsa da, icazəli və ya icazəsiz olunur.
Amma bu bir yerdən sonra ölkədə problemlər ortaya çıxaracaq. Qızların, oğlanların sayının bərabər olmaması evlilikdə, eləcə də, digər sahələrdə problem çıxaracaq. Son 1-2 ildə oğlan uşaqları ilə bərabər qız uşaqlarına da sevgini görürəm. Amma bizim dinimiz, qız uşaqlarını daha çox məsləhət görür və qız uşaqlarına daha çox dəyər verir. Buna baxmayaraq, hər kəs oğlan uşağı dünyaya gətirmək istəyir. Çünki bizim ailəmiz, atalarımız, babalarımız oğlan uşağı olanda onu xüsusi qeyd edib, oğlan uşağı olanda o düşünüb ki, mənim soyumu davam etdirəcək oğlum var. Eləcə də oğlan uşaqları bir sıra işlərdə atalarına yardım edə bildiyi üçün önə çəkilib”, - psixoloq qeyd edib..
Xəyal Ramiz