Paşinyandan sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da o fikri təkrarladı ki, sülh müqaviləsini bir ay ərzində imzalamağa hazırdırlar. Sazişin bir aya imzalanması üçün zəmin və şərtlər varmı?
Məsələ ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a açıqlamasında bildirib ki, Ermənistan hələ də sülh müqaviləsini gecikdirməyə çalışır:
“Düşünmürəm ki, sülh məsələsi bir ayın içərisində başa çatacaq prosesdir. Çünki Paşinyan və onun çevrəsi sülh müqaviləsinin uzanması üçün mümkün variantlardan maksimum istifadə edir. Biz bunu onun fəaliyyətlərindən də görə bilirik. Bu müqavilə əslinə qalanda 2020-ci il noyabr aktından sonra imzalanmalı idi. Çox təəssüf ki, imzalanmış sənəddə olan qərarlar həllini tapmadı. Həllini tapanlar isə xeyli dərəcədə vaxtı uzadıldı. Bunlar Xankəndi və ətraf ərazilərin, anklavların boşaldılması ilə bağlı nüanslar idi. Bu gün Ermənistan bu cür mesajlar verməklə cəmiyyəti çaşdırmağa çalışırlar. Bəli həmçinin yaxın zamanlarda Naxçıvan tərəfdə təxribat törətmişdilər. Bununla bağlı bir daha təkrar eləmək istəyirəm ki, ermənilər sadəcə görüntü yaradır. Yəni bu cür açıqlamalar verməklə məsələni öz xeyirlərinə dəyişirlər. Hər hansı bir problem yaranarsa, günahı Azərbaycanın üstünə atmaq istəyirlər. Guya biz nə qədər demokratik, sülhpərvərik və həmişə müqaviləni dəstəkləmişik”.
U.Mirzəyev hesab edir ki, sülh müqaviləsinin imzalanması üçün Zəngəzur və Naxçıvan yolları həllini tapmalı, o cümlədən Ermənistan konistitutsiyasında dəyişiklik edilməlidir:
“Azərbaycanın tarixi torpaqlarının qaytarılması ilə bağlı addımlar atılmalıdır. Zəmin onda olur. Bu gün bunların heç biri olmadan bəyanatlar vermək, sülh təklifi irəli sürmək cəzb edicidir. Ermənistan sülh müqviləsinin imzalanması üçün hazırdır. Ancaq bunu medaiada tirajlamaqla, yaymaqla göstərirlər. Amma biz bilirik ki, bu niyyətin arxasında nələr dayanır. Adamlarda regionla bağlı yanlış rəy formalaşdıra bilər. Bu da ona hesablanıb. Ermənistan dinc şəkildə yaşamaq istəyirsə sülhə yaxın olmalıdır. Bütün müharibələrin sonu barışdır, sülhüdür. Barış olmadan nə hüzur, nə inkişaf, nə də dinclik olmur. Barış təkcə Azərbaycan üçün region üçün vacibdir”.
Xəyal Ramiz