Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Gürcüstan və Moldovaya səfəri başlayacaq.
"Report" xəbər verir ki, səfərin əsas məqsədi bu ölkələrdə dondurulmuş münaqişələrin həlli ilə bağlı müzakirələr aparmaqdır.
"ATƏT məkanında dondurulmuş münaqişələrin olduğu daha iki zonaya səfər bu münaqişələrin həllinə töhfə verməyə hazır olduğumuzu göstərən güclü siqnal olmalıdır", - deyə Avstriya XİN-in mətbuat xidmətindən bildirilib.
ATƏT-in fəaliyyətdə olan sədri fevralın 3-də Tbilisidə Gürcüstan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşəcək. O, elə həmin axşam saatlarında isə Moldovaya gedəcək.
S.Kurts deyib ki, Avstriyanın quruma sədrliyinin bu regionlardakı prioritetləri insanların həyat şəraitinin yaxşılaşdırılması, ATƏT-in iştirakının gücləndirilməsi və münaqişə tərəfləri arasında dialoqu yaxşılaşdırmaqdır.