Fevralın 27- də çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless Corridor ” (“Sonsuz Dəhliz”) sənədli filmi Praqa şəhərinin “Luserna” kinoteatrında nümayiş etdirilib.
"Eurasia Diary" xəbər verir ki, filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı şəraitində təşkil edilib.
Qeyd edək ki, “Sonsuz Dəhliz” filminin 2015-2016-cı illər ərzində beynəlxalq səviyyədə uğurlu premyerasından sonra xarici kinotənqidçilər tərəfindən müsbət qiymətləndirilmişdir. Film ABŞ-da keçirilən nüfuzlu “Akkolad Qlobal Film” müsabiqəsində “Ən yaxşı tamaşa”, Madrid şəhərində keçirilən Tenerife Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru”, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında isə “Sənədli filmin ən yaxşı montajı” mükafatlarına layiq görülmüşdür. Ekran əsəri, həmçinin, “pan-European Eurochannel”, İsrailin “Channel 1”, CNN Turk, TV 24 (Türkiyə), London Live və Al-Jazeera kanallarında nümayiş etdirilmişdir.
Parlamentarilər, jurnalistlər, Azərbaycanın dostları və kinosevərlər də daxil olmaqla 170 nəfərlik auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin rəhbəri Roman Huna tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyevə verib. Diplomat deyib: “Xocalı soyqırımı Azərbaycanın müasir tarxində ən dəhşətli hadisə olmuşdur. İki gün bundan əvvəl regionda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər yenidən şiddətlənmişdir.
Qarabağ əsilli bir insan kimi deyə bilərəm ki, biz doğma torpağımıza qayıtmaq, əcdadlarımızın qəbirlərini ziyarət etmək və qonşularımızla sülh şəraitində yaşamaq istəyirik..”