Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyesi qəbul edib.
XİN-dən verilən məlumata görə, E.Məmmədyarov Z.Hernyesi təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Görüşdə “Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı”nın həyata keçirilməsi və praktiki layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və müvafiq monitorinq komitələri ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub.
Görüşdə əsnasında E.Məmmədyarov Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair öhdəliyinin yerinə yetirilmədiyini xatırladıb. Həmçinin, görüşdə nazir “Çıraqov və digərləri Ermənistana qarşı” işinə diqqət çəkərək Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müvafiq hökmünün təmin edilməməsinə toxunub.
Səfir Z.Hernyes diplomatik fəaliyyəti müddətində Azərbaycan və Avropa Şurası arasında ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.