“Kərkük əməliyyatının İraq ordusu tərəfindən İngiltərə və ABŞ-ın məlumatı daxilində həyata keçirildiyinə inanırıq”.
Bunu Şimali İraq kürd muxtariyyətinin keçmiş başçısı Məsud Bərzani ABŞ-ın “Newsweek” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əməliyyat İranın liderliyi ilə keçirilib.
“Hərbi qarşıdurmanın baş verməsini istəmirik. ABŞ və beynəlxalq ictimaiyyət Ərbil və Bağdad arasındakı hərbi münaqişənin qarşısını ala bilər. Müharibə olarsa, aydındır ki, onlar tərəfindən yaşıl işıq yandırılıb”, - o bildirib.
Müstəqillik referendumunun keçirilməsi barədə qərarın 2014-cü ilin ortalarında verildiyini xatırladan Bərzani İŞİD-lə mübarizə aparıldığı üçün o zaman bunun reallaşdırılmadığını söyləyib. Kürd siyasətçinin sözlərinə görə, kürdlərin tək səhvi referendumun daha əvvəl keçirilməməsidir.
Bərzani qeyd edib ki, Bağdad hələ referendumdan əvvəl müdaxilə planı hazırlamışdı. Referendumdan sonra bəzi əngəllərin ortaya çıxmasına baxmayaraq, o, inandığını vurğulayıb ki, referendum kürdlərin gələcəyini zəmanət altına alıb.(publika.az)