Bu il Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri inkişaf xətti ilə davam etdirilib. Bu çərçivədə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə 28 may-Respublika Günü münasibətilə təbrik məktubu, 31 may-3 iyun tarixlərində Bakıda keçirilmiş 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və Konfransı ilə əlaqədar xoş arzularını ifadə edən məktub ünvanlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyev ABŞ-ın milli bayramı olan 4 iyul-Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu göndərib. 10 iyul tarixində İstanbulda keçirilmiş 22-ci Dünya Neft Konqresi çərçivəsində Prezident İlham Əliyev ABŞ-ın Dövlət Katibi R.Tillersonu qəbul edib. Görüş zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
"Ölkələrimiz arasında enerji, nəqliyyat, investisiyalar, terrorizmə qarşı mübarizə, aviasiya, turizm kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan ABŞ-ın TANAP/TAP layihəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir”, - deyə məlumatda vurğulanıb.