"Azərbaycanda keçirilən seçkilərin bütün mərhələlərində KİV-lərin mühüm rolu var. Hər bir namizəd seçicilərə fikir və mülahizələrini KİV vasitəsi ilə kütləvi şəkildə çatdırmalıdır. MSK namizədlərin istəyini nəzərə alaraq, televiziyada namizədlərin debatlarının müddətini 21.00-23.00 arasında müəyyənləşdirəcək. Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi".
Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov prezident seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.
Ə.Həsənov qeyd edib ki, bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var: “Birinci növbədə namizəd və onun platformasıdır. Hər bir namizəd öz proqram və hədəflərini, fikir və mülahizələrini KİV vasitəsilə əhaliyə çatdırmalıdır. Namizədlər televiziyada debatlar keçirəcək, həmçinin bölgələrdə seçicilərlə görüşəcək, ancaq həmin məkana bir qrup insan yığışacaq və bütövlükdə görüşün nəticələrini yenə də ictimaiyyətə mətbuat çatdıracaq. Bu baxımdan KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin rolu qədərdir”.
PA rəsmisi bildirib ki, KİV-lər seçkilərdə öz fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun qurmalıdır: “Yəni, KİV-lər işlərini birinci növbədə öz peşəkarlığına, ikinci isə Seçki Məcəlləsinə uyğun qurmalıdır. KİV-lər bütün namizədlər üçün həm qiymət, həm də vaxt və yer baxımından bərabər imkanlar yaratmalıdır. Seçkilər mühüm ümumxalq tədbiridir və KİV-lər bu məsələdə məsuliyyətli olmalıdır. KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın, çünki Məcəllənin hansısa tələbinin pozulması seçkilərin ümumi imicinə zərər gətirə bilər. Nəzərə almaq lazımdır ki, seçkilər müxtəlif mərkəzlər tərəfindən müşahidə olunacaq və elə təəssürat yaranmamalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulur”.
Ə.Həsənovun sözlərinə görə, KİV-in rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir: "KİV namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir. KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. Bu, KİV-in peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir. KİV-in rolu 3-4 mərkəzdən monitorinq olunacaq, bütün seçki müşahidə missiyaları KİV-də namizədlər üçün yaradılmış şəraiti hesabatlarında qeyd edəcəklər".
Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, namizədlərdən biri prezidentdir. O deyib ki, KİV-də ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır: "Mən KİV-in bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır".