"Son bir ayda hansısa yollarla ölkəmizi tərk edib Avropaya sığınan şəxslər Azərbaycan prezidnetinə, onun ailə üzvlərinə, ayrı-ayrı şəxslərə heç bir etik prinsipləri gözləmədən qara yaxmaqla məşğuldurlar. Təbii ki, bunun səbəbi ölkədə keçirilən prezident seçkiləridir".
Bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə deyib.
Ə.Amaşov bildirib ki, əvvəlki seçkilərdə də bu hallar yaşanıb, lakin bu dəfə təhqir, söyüş halları əsas rol oynayır:
“Sanki bir söyüş makinasıdırlar, qarşılarına çıxan hər kəsi söyürlər. Məqsəd vətəndaşla dövlət arasında münasibətlərə xələl gətirməkdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə həmkarımız həmin ölkə vətəndaşlarına ölkəmizlə bağlı dolğun məlumatlar verirlər. Bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər bunu sübut edir. Ölkəmizə qarşı qarayaxma kampaniyaları keçirənlərin sayı bir əlin barmaqlarından azdır. Onların çıxışlarında təhqirlə yanaşı, mövcud quruluşun devrilməsinə dair çağırış da var. Onların bu fəaliyyətlərinə qarşı qanunvericiliyə uyğun tədbir görüləcək. Lakin Azərbaycan jurnalistləri bu çıxışlarla barışa bilməz və öz etirazını ortaya qoymalıdır. Axı bu insanlar bizdən nə istəyirlər?”