"Bunu biləndən sonra dərhal göstəriş verdim ki..." Prezident

Siyasət 12:30 12.04.2018
prelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
 
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.
 
Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə 2017-ci il iyulun 2-də başlanılmışdı. Prezident İlham Əliyev məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanıb, görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.
 
Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Milli memarlıq üslubunda və zövqlə inşa olunan ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divar və sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunaraq dini rəmzlərlə bəzədilib.
 
Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Döşəməyə xüsusi olaraq Hacı Cavad məscidi üçün toxunan yeni “Namazgah” xalı döşənib. Məscidin daxilində müasir texnologiyalarla işləyən havalandırma sistemləri quraşdırılıb.
 
Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Hacı Cavad məscidinin yeni binasının inşası da əksini tapıb. Son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir.
 
Dövlətimizin başçısı Hacı Cavad dini icmasının üzvləri ilə görüşdü.
 
Prezident İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:
 
- Hacı Cavad məscidinin yeni binasının açılışı münasibətilə sizi təbrik edirəm. Bu, çox gözəl hadisədir, çox gözəl məsciddir. Azərbaycanın ənənəvi memarlıq üslubunda tikilmiş məsciddir. Daxili tərtibatı, xarici görünüşü göz oxşayır.
 
Siz Hacı Cavad məscidi icmasının nümayəndələri yaxşı bilirsiniz ki, məscidin əvvəlki binası artıq yararsız vəziyyətdə idi. Məscidin ətrafında gedən quruculuq işləri, ictimai zonaların, yol qovşaqlarının yaradılması zamanı bu məsələ üzə çıxdı ki, məscid yararsız, demək olar ki, qəzalı vəziyyətdədir. Mən bunu biləndən sonra dərhal göstəriş verdim ki, tezliklə həmin Hacı Cavad məscidinin yaxınlığında məscid üçün yeni bina tikilsin və yeni binaya Hacı Cavad adı verilsin. Çünki bu məscid Hacı Cavad məscididir. Sadəcə olaraq onun yeni binasıdır.
 
Qısa müddət ərzində məscid tikildi və bu gün sizin sərəncamınıza verilir. Çox gözəl memarlıq abidəsidir. Minarə tikilib. Əvvəlki məsciddə minarə yox idi. İdarə üçün inzibati bina tikilib, ətraf abadlaşdırılıb. Mənə verilən məlumata görə, məsciddə eyni vaxtda 500, bəlkə də 600 insan ibadət edə bilər.
 
Məscid dövlət vəsaiti hesabına tikilib. Bildiyiniz kimi, son vaxtlar bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə təmir edilib və yeni məscidlər tikilib. Onların arasında Bibiheybət məscidi, Təzəpir məscidi var. İndi Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır. Siz də bunu yaxşı bilirsiniz. Çünki Hacı Cavad məscidi elə o ərazidə yerləşirdi. Onun qabağı açılır, böyük park salınacaq, yol infrastrukturu yaradılacaq. Digər tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunmuşdur: Əjdərbəy məscidi, ondan sonra Şamaxı Cümə məscidi, hansı ki, Qafqazın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilmişdir. Şamaxı rayonunda daha bir qədim məscid bu yaxınlarda əsaslı şəkildə təmir olunmuşdur, Dəmirçi kəndində. O da eyni vaxta təsadüf edir. İmamzadə Tarixi-Dini Kompleksinin tamamilə yenidən qurulması böyük tarixi layihə idi. Biz qədim ibadət yerini qorumaqla yeni məscid tikdik. Orada da ictimai binalar tikilibdir, ətraf abadlaşdırılıbdır. Heydər məscidi mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Bakıda tikilmişdir, gözəl, əzəmətli məsciddir. Cocuq Mərcanlı işğaldan azad olunandan sonra biz bu kənddə Şuşa məscidinin bənzəri olan məscid tikdik. Mən bu məscidin açılışında iştirak etmişəm. Demək olar ki, bizim son vaxtlar tikdiyimiz və əsaslı şəkildə bərpa etdiyimiz bütün məscidlərin açılışlarında mən şəxsən iştirak etmişəm.
 
Dövlət tərəfindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir. Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir.
 
Dini dəyərlər bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. İl ərzində nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada biz konfranslar, tədbirlər keçirmişik. Ötən ilin sonunda Bakıda böyük yekun konfrans keçirilmişdir və dünyanın diqqətini cəlb etdi. İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik.
 
Yəni, İslam həmrəyliyi üçün Azərbaycan çox böyük işlər görür. Bu işlər bütün İslam aləmində yüksək qiymətləndirilir. Azərbaycan müsəlmanları bunu yüksək qiymətləndirirlər. Bizim siyasətimiz əməli işlərdə özünü göstərir. Bax, bu gözəl memarlıq abidəsi bu gün Hacı Cavad məscidinin icmasına təhvil verilir. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram.
 
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Yasamal rayon sakini Xanmirzə BAĞIROV dedi:
 
-Cənab Prezident, icazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edək və Azərbaycan Respublikasının bütün vətəndaşlarının, o cümlədən biz dindarların hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətinizdə Sizə uğurlar arzulayaq.
 
Cənab Prezident, hamımıza məlumdur ki, Hacı Cavad məscidinin yenidən daha da müasir və möhtəşəm memarlıq kompleksi kimi inşa edilməsi bilavasitə Sizin xüsusi Sərəncamınızla mümkün olub. Qısa bir zamanda bu gözəl məscidin dindarların istifadəsinə verilməsi Sizin və Mehriban xanımın diqqətinin nəticəsidir. Ona görə də biz, cənab Prezident, dindarlara yaradılan bu şəraitə görə icma adından, ağsaqqallar adından Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.
 
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
 
İcmanın nümayəndələri: Çox sağ olun.
 
Prezident İlham Əliyevə Quran hədiyyə edildi.
 
Milli mənəvi və dini dəyərlərimizə göstərdiyi qayğıya görə dövlətimizin başçısına təşəkkür edən rayon sakini Əbdüləhəd TAĞIYEV dedi:
 
- Arzu edirik, inşallah, o günlər olsun ki, Sizin rəhbərliyiniz altında bu dəfə seçildiyiniz müddətdə bizim hamımızın arzusu olan Qarabağ işğaldan azad edilsin, oradakı məscidlər bərpa olunsun və orada bu cür görüşlər keçirək. Bu, ən böyük arzumuzdur. Sağ olun. Sizi Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirik.
 
Prezident İlham Əliyev: İnşallah. Çox sağ olun.
 
X X X
 
Xatırladaq ki, 2017-ci ilin aprel ayında Prezident İlham Əliyev Yasamal rayonun “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi. Bundan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış və tikinti işlərinə başlanılmışdı.
 
Məscidin ərazisində, həmçinin imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Məscid üçün içməli su anbarı, ayrıca qazanxana da tikilib. Burada, həmçinin ayrıca parkinq sahəsi yaradılıb.
 
Hacı Cavad məscidinin tarixini əks etdirən daş kitabələr yaxın vaxtlarda yeni ünvana gətiriləcək. Beləliklə, dini etiqad azadlığına və milli mənəvi dəyərlərimizə Prezident İlham Əliyevin göstərdiyi böyük qayğının təzahürü olan bu məscid milli memarlığımızın zəngin ənənələrini özündə ehtiva etməklə Azərbaycan dindarlarına gözəl töhfədir.
 
Sonda xatirə şəkli çəkdirildi.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı