Azərbaycanın hərb tarixi
Avropa və Asiyanı birləşdirən, mühüm yolların ayrıcında yerləşən Azərbaycan tarixən bir çox işğalçı dövlətlərin diqqət mərkəzində olub. Yüzilliklər boyu ölkəmizin üzərinə hücumlar olub, şəhər və kəndlərimiz xarabalığa çevrilib. Elə buna görə də xalqımız vətənin müdafiəsi uğrunda bütün dövrlərdə hərbi qəhrəmanlıq nümayiş etdirib. Bu qəhrəmanlığının qədim və zəngin tarixi var. XIX-XX əsrlərdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqlənib. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya nümayiş etdiriblər.
Dünya müharibəsi başlananadan 22 ay sonra – 22 iyun 1941-ci ildə - SSRİ-nin cəlb olunduğu və 1418 gün davam edən Böyük Vətən müharibəsi keçmiş sovetlər ölkəsi xalqlarının Vətənə məhəbbət və güclü beynəlmiləlçilik hissinin nümayişinə çevrildi. Bu müharibədə qələbənin qazanılmasında Azərbaycan xalqı da öz töhfəsini verdi. Azərbaycanlılar partizan və müqavimət hərəkatında fəallıq göstərərək Krımda, Ukraynada, Belorusiyada, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransa antifaşist müqavimət hərəkatında igidliklə vuruşdu. Onlardan Fransanın milli qəhrəmanları olan Əhmədiyyə Cəbrayılovun və Nuru Abdullayevin adlarını xatırlamaq yerinə düşər. Yuqoslaviyada 1000 nəfərdən çox zabiti məhv edən, 700 nəfər hərbi əsiri azad edən Mehdi Hüseynzadənin igidliyi dillər əzbəri oldu. Həmin dövrdə Azərbaycandan cəbhəyə səfərbər olunan 600 min adamdan yarıdan çoxu həlak oldu və itkin düşdü, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Hərb tarximizi, hərb sənətini diqqət mərkəzində saxlayan Azərbaycanda bununla bağlı muzey də var. Belə ki, 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində yaradılan Azərbaycan Hərb Tarixi muzeyində Azərbaycan dövlətinin işğalçılarla apardığı müharibənin tarixi xronologiyası dəqiqəliklə ziyarətçilərə nümayiş olunur.
Heydər Əliyev və Azərbaycan ordusu
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu özünün durğunluq dövrünü yaşayırdı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş baş verdi. İlk olaraq Azərbaycanda milli hərbi kadrların hazırlanmasına start verildi. Məhz Heydər Əliyevin səyi nəticəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb istifadəyə verildi. Bu məktəbi yaratmaq həmin dövrdə çox böyük iradə və cəsarət tələb edirdi. Çünki, bu məktəbin açılması o vaxtkı SSRİ rəhbərliyini narahat edirdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyev kimi güclü siyasətçini fikrindən döndərə bilmədilər. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar sadəcə kağız üzərində qəbul olunmuşdu. Qərarın tətbiqindən isə söhbət belə getmirdi. Bu da o zamankı iqtidarın yaratdığı xaos, özbaşınalığın birbaşa nəticəsi idi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, qrupların maraqlarına xidmət edirdi. Nəticədə isə, torpaqlarımızın 20 faizi işğal olundu, bir milyona yaxın vətəndaşımız isə öz torpaqlarından didərgin düşdü. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni dönəm başladı. 1993- cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycana qayıdışı qardaş qırğınının qarşısını aldı. Həmçinin mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğuna start verildi. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışına qədər isə Qarabağda gedən döyüşlər zamanı çoxlu sayda gənc həyatını itirməklə yanaşı, rayonlarımız da işğal olunmuşdu. 1994- cü ildə mayın 12-də atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın ordu quruculuğunda böyük islahatlar başladı. Ulu Öndər əsgərlərimizə ruh yüksəkliyi vermək məqsədilə şəxsən cəbhə bölgəsinə səfərlər etdi, onların şəraiti ilə yerindəcə maraqlandı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həllini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən üstün tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi.
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması diqqətdə saxlanıldı.
2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ulu Öndər Heydər Əliyev ordu ilə bağlı vacib nüanslara toxundu: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.
Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük uğurlar əldə edirlər. Bunun birinci səbəbi Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
İlham Əliyev və Azərbaycan ordusu
“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!” İlham Əliyev
Məhz Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait artıq bir neçə ildir ki, ardıcıl olaraq Ermənistanın ümumi büdcəsindən çoxdur. Bununla yanaşı, Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsal olunması ölkəmizin hərbi qüdrətinin artmasının bariz nümunələrindəndir.
Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hazırda güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bu gün orduda xidmət etməyə yaşı çatan hər bir Azərbaycan vətəndaşı könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək əzmində olduğunu nümayiş etdirir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Prezident İlham Əliyev hər çıxışında Azərbaycan Ordusunun gücünü, torpaqlarımızı azad etmək əzmində olduğunu xüsusi olaraq vurğulayır. Elə 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev ordu ilə bağlı mühüm mesajlar verdi:
“Biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq.
Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq.
Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.”
Hazırda Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf özünü General-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsi ilə daha qabarıq göstərdi. Məhz Zakir Həsənovun apardığı islahatlar nəticəsində hərbi hissələrdə sağlam mühit formalaşdı. Hərbi hissələrin ərzaq-əşya təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizat, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verildi. Bir sözlə, General-polkovnik Zakir Həsənovun nazir təyin edilməsi ilə Azərbaycan əsgərinə və zabitinə münasibət dəyişdi. Döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminə islahatlar aparıldı. Xarici əlaqələrdə də Azərbaycanın hərbi təhlükəsizlik maraqlarını özündə ehtiva edən islahatlara önəm verildi. Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr sisteminə yenidən baxıldı. İstənilən səviyyələrdə qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, vərdişləri təkmilləşdirildi. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, həm də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilməklə irimiqyaslı təlimlər həyata keçirildi ki, bu da orduya müasir baxışın bariz nümunəsi idi. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən "Turaz Qartalı-2017", "Dəniz Kuboku-2017" beynəlxalq təlimləri təsdiqlədi ki, ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. Bundan başqa ordunun şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak etmək şansı qazandı. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin infrastrukturunun, texniki təchizatının və müdafiə qabiliyyətinin NATO standartlarına uyğunlaşdırılması istiqamərində işlər aparılır. İndi əminliklə demək olar ki, hərbi hissələrdə bütün səviyyələrdə müasir döyüş üsullarının istifadəsi ilə genişmiqyaslı təlimlərin müntəzəm keçirilməsi düşmənə bir xəbərdarlıqdır.
Şübhəsiz ki, müasir tələblərə cavab verən, yüksək döyüş hazırlığına malik olan güclü ordunu formalaşdırmaq yüksək səviyyəli hərbi təhsil sistemindən keçir. Bu məqsədlə inkişaf etmiş dövlətlərin hərbi təhsil müəssisələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır. Bundan başqa Müdafiə Nazirliyinin rəhbərliyi hərbi xidmətin nüfuzunun artırılması naminə yeni qanunvericilik layihələrinin hazırlanmasında fəal iştirak edir, eyni zamanda döyüş arsenalının müasir tələblər əsasında qurulmasını fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov verdiyi müsahibələrdən birində bu məsələyə toxunur: "Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir. Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır".
Ordumuz son bir neçə ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə düşmən üzərində tam hərbi üstünlüyə malik olduğunu sübut edib. 2016- ilin aprel döyüşləri də təsdiqlədi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadı və Azərbaycanla hesablaşmaq lazımdır.
Ordu-ictimaiyyət əlaqələri
Ordu- ictimaiyyət əlaqələrinin hansı səviyyədə olduğunu müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə keçirilən "Açıq qapı" günü tədbirləri təsdiq edir. Adından da göründüyü kimi "Açıq qapı" günü, ictimaiyyətin ordu mühiti ilə hərtərəfli tanışlığına şərait yaradır. Həmin gün tədbirə gələnlər əsgərlərə yaradılan şəraitlə tanış olur, hərbi hissənin səlahiyyətli zabitlərinə istədikləri sualları ünvanlaya bilir.
Bundan başqa, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi plana uyğun keçirilən "Xalq ordunun, ordu xalqın dayağı", "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!", "Qarabağa yaz gələcək!", ... kimi kütləvi vətənpərvərlik tədbirləri də bu əlaqələrin bariz nümunəsidir.
İctimai rəyin dövlətçilik baxımından formalaşmasında Kütləvi İnformasiya Vasitələrinin də rolu danılmazdır. Elə hadisələr və faktlar var ki, onların operativ ictimailəşdirilməsi, dövlətçilik, ordu quruculuğu baxımından arzuolunmazdır. Faktın dövlətçilik mövqeyini nəzərə almaqla ictimailəşdirilməsi jurnalistin vətəndaşlıq borcudur. 2015-ci ilin avqustundan sonra yaşanılanlardan fərqli olaraq, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan jurnalistikası peşə borcundan çox, vətəndaşlıq borcunu yerinə yetirdi. Bununla da ordu-ictimaiyyət əlaqələri qazanılan qələbənin tərkib hissəsi oldu. Bu gün hər bir soydaşımız Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçirir. Hazırda ölkəmizdə Azərbaycan Ordusu ilə bağlı ən son və rəsmi xəbərlərin ünvanı Müdafiə Nazirliyinin mod.gov.az rəsmi internet saytıdır. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Müəllif: Sevinc İsgəndərova
Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.