Eurasia Diary xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda yaponiyalı həmkarı Taro Kono ilə birgə mətbuat konfransında deyib.
E.Məmmədyarovun bildirdiyinə görə, bugünkü görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
“Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 Yaponiya şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik”, deyə Məmmədyarov qeyd edib.
Nazir bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir:
“Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır”.
Nazir qeyd edib ki, T. Kono ilə görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə sərmayələrin qoyulması məsələləri də müzakirə edilib.
Yaponiya şirkətlərinin Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu deyən nazir əlavə edib ki, Yaponiya tərəfindən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.