Qeyri-neft sektorunun inkişafı ilə bağlı - SƏRƏNCAM | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Qeyri-neft sektorunun inkişafı ilə bağlı - SƏRƏNCAM

Siyasət A- A A+

Eurasia Diary xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti iqtisadiyyatın diversifikasiyalaşdırılması istiqamətində qeyri-neft sektorunun inkişafı üçün sərəncam imzalayıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1.1. ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi;

1.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi;

1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi;

1.4. ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi;

1.5. mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi;

1.6. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”;

1.7. ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası”.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə:

2.1. ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin;

2.3. bu Sərəncamın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratsın;

2.4. “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görsün.

3. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılsın ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...