BMT Baş Katibinin Köməkçisinin Azərbaycana rəsmi səfəri başa çatdı | Eurasia Diary - ednews.net

27 May, Bazar ertəsi


BMT Baş Katibinin Köməkçisinin Azərbaycana rəsmi səfəri başa çatdı

Gündəlikdəki əsas məsələ: Yeni iş yerləri, qadınların və gənclərin səlahiyyətlərinin genişləndirilməsi və hamının faydalana bilməsi üçün iqtisadiyyatın daha da şaxələndirilməsi.

Siyasət A- A A+

“Azərbaycanda əmək qabiliyyəti yaşında olan əhalinin sayı hər il təxminən 100,000 nəfər artır. BMTİP yeni iş yerlərinin, “start-up” layihələrinin və kiçik ailə bizneslərinin yaradılması, qadınların və gənclərin səlahiyyətlərinin genişləndirilməsi və hamının faydalandığı daha çox şaxələndirilmiş iqtisadiyyatın yaradılması üçün Azərbaycan hökuməti ilə olan mükəmməl tərəfdaşlığımızı genişləndirməyə qəti şəkildə hazır olduğunu bəyan edir”. Eurasia Diary xəbər verir ki, bu sözləri BMT-nin Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Spolyariç Eqqer Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevlə görüşü zamanı demişdir.

“Mən əminən və inanıram ki, biz, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycan hökuməti ilə tərəfdaşlığımızın genişləndirilməsini və intensivləşdirilməsini davam etdirəcəyik”  bunu xanım Eqqer yüksək vəzifəli hökumət və dövlət rəsmiləri ilə görüşlərindən sonra söyləmişdir.

Xanım Eqqer, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində keçirilən “Yeni Xarici Siyasət” mövzusunda VII Qlobal Bakı Forumunun açılışında və Dayanıqlı İnkişaf Problemləri üzrə işçi qrupun görüşündə nitq söyləmişdir. Açılış mərasimində BMT Baş katibinin müavini DİM-lərə nail olunmasını təmin etmək üçün hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və vətəndaşlar arasında yeni tərəfdaşlıqların qurulmasının vacibliyini vurğulamışdır.

BMTİP-in Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru Bakının Xəzər rayonunda yeni qurulmuş Qadın Resurs Mərkəzinin açılışında iştirak etmişdir. 400-dən çox qadının Hökumət, BMTİP və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Əməkdaşlığı tərəfindən maliyyələşdirilən 637,000 ABŞ dolları dəyərində bu yeni layihəsindən faydalanacağı gözlənilir.

2011-ci ildən bəri səkkiz Qadın Resurs Mərkəzi fəaliyyətə başlayaraq 6,000-dən çox qadına müxtəlif vərdişlərin aşılanması üzrə ödənişsiz təlimlər keçirilmişdir. Bu təlim təxminən 150 qadına BMTİP, Avropa İttifaqı, ABŞ-ın İnkişaf Agentliyi, Coca-Cola Fondu və Azərbaycan hökuməti tərəfindən qrant dəstəyi ilə öz kiçik sahibkarlıq müəssisələrini qurmağa bilavasitə kömək etmişdir.

Xanım Spolyariç Eqqer, həmçinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadə ilə birlikdə 6-cı Regional İnternet İdarəçiliyi Forumunun açılışında iştirak etmişdir. BMTİP-nin təşəbbüsü ilə hər il Azərbaycanda keçirilən tədbirlərdən biri kimi bu forum çərçivəsində kibertəhlükəsizliyin vacibliyi ilə bağlı məlumatlılığı artırmaq üçün Hökumət və BMTİP tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunan Kibertəhlükəsizlik Həftəsi qeyd olunmuşdur.

Ötən on səkkiz il ərzində Hökumətlə birgə BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi on ildən çox sürən 50 milyon ABŞ dollarıdan artıq dəyəri olan layihələrlə regionda ən böyük e-idarəçilik proqramlarını işləyib hazırlamışdır.

BMTİP və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hazırda Azərbaycanda İKT sistemlərinin və infrastrukturunun modernləşdirilməsi və təkmilləşdirilməsi üçün birgə layihə həyata keçirirlər.

Bu birgə səylər informasiya və kommunikasiya texnologiyalarının faydalarını ölkənin ən ucqar hissələrinə doğru genişləndirməyə və telekommunikasiya operatorları, müəssisələr və informasiya texnologiyaları şirkətləri üçün informasiya təhlükəsizliyini  artırmağa yönəlmişdir.

Layihənin ilk mərhələsi ölkənin ilk Data Mərkəzinin – dövlət və özəl qurumlar üçün məlumat saxlama xidmətinin təsis edilməsi olmuşdur. BMTİP və Nazirlik, eyni zamanda, “İdeyadan Biznesə” layihəsini təşkil edərək “start-up” hərəkatının genişləndirilməsinə yönəlmiş ölkə boyu “start-up” turları keçirmişlər. Bundan əlavə, ötən il BMTİP və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məktəblərdə STEM və robot texnikası üzrə təlim laboratoriyalarının açılışına dəstək vermişlər.

Xanım Eqqer, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN-da da olmuş və onun sədri cənab Ülvi Mehdiyevlə görüşmüşdür. Azərbaycanda vətəndaşlara xidmət üzrə universal mərkəz kimi nüfuz qazanan ASAN dövlət xidmətlərini insanlara daha yaxın etmək məqsədilə şəffaflığın və səmərəliliyin artırılması baxımından ölkənin aparıcı layihəsidir.

Xanım Eqqer, eyni zamanda, Azərbaycanın şimal-qərb zonasında kiçik ailə bizneslərinin qurulmasında insanlara kömək etmək üçün sahibkarlıq fəaliyyət üzrə təlimlər təşkil edən BMTİP proqramı ilə tanış olmuşdur. Aİ tərəfindən maliyyələşdirilməklə 1,074,000 ABŞ dolları dəyərində olan bu üç-illik proqram BMTİP tərəfindən ailə bizneslərinə dəstək üzrə milli şəbəkə olan ABAD ilə birgə həyata keçirilir. Proqram 2017-ci ildə fəaliyyətə başlamışdır və artıq regiondadakı 44 zəif ailənin, o cümlədən Azərbaycanda müharibənin təsirlərinə məruz qalan Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərin imkanlarının genişləndirilməsinə kömək edir. Bu günədək başlanılan “start-up” layihələri arasında 23 müəssisəyə qadınlar rəhbərlik edir. Sahibkarlıq fəaliyyəti üzrə təlimləri bitirdikdən və öz müəssisələrini açdıqdan sonra proqramın benefisiarları ABAD-ın üzvü olacaqlar, bu, o deməkdir ki, onlar ABAD-ın böyük supermarketləri, hipermarketləri və rüsümdan azad mağazaları əhatə edən geniş paylama şəbəkəsində öz mallarını yerləşdirə və sata biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...