Ermənistanın Baş naziri Nikol Paşinyanın Mənim Addımım Blokunun deputatlarıyla aprelin 8-də keçirdiyi qapalı görüşün detalları bəlli olub.
Eurasia Diary axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, görüş zamanı kifayət qədər ciddi danışıqlar aparılıb:
“Paşinyan görüş zamanı öz komandasının deputatlarından narazılığını dilə gətirib. O, çox sərt və kobud şəkildə bunun onun arzu etdiyi parlament olmadığını deyib və deputatların vaxtlarını yalnız boş yerə xərclədiyini bildirib. Paşinyanın daha bir narazılığı komandasının üzvlərinin onun siyasi xəttinə əməl etməmələriylə bağlı olub.
Bəzi deputatlar iclas zamanı Paşinyanın Əliyevlə görüşü barədə maraqlanmağa cəhd ediblər. Bu da Paşinyanı əsəbləşdirib. Baş nazir deputatları Qarabağ konflikti barədə təsəvvürlərinin səthi olmasında ittiham edib və onların elementar mövzular barədə danışa bilmədiklərini söyləyib. Paşinyanın qəzəbi o həddə çatıb ki, o deputatlara, “Sizin susmağınızın, yoxsa danışmağınız daha yaxşı olduğunu bilmirəm” sözlərini söyləyib”.