Bu gün Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu öz işinə başlayıb.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş sessiyada narazılıq yaşanıb.
“Eurasianet.org” resursunun Qafqaz üzrə redaktoru Coşua Kuçera moderator kimi, Beynəlxalq Böhran Qrupunun Gürcüstan ofisinin analitiki Olesya Vartanyan və “International Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley isə ekspertlər kimi çıxış ediblər.
Tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycanı təmsil edən nümayəndənin dəvət olunmamasına öz etirazını bildirib.
“Nə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldə Azərbaycanı təmsil edən spiker yoxdur? Sizcə, bu, ədalətli yanaşmadır?”, deyə A. Lavrina etiraz edib.
Moderator bildirib ki, sessiya iştirakçılarını forumun təşkilatçısı Stratpol təşkilatı müəyyən edib və bu məsələyə onlar cavabdehdir.
Stratpol təşkilatının rəsmisi sessiyanın sual-cavab hissəsinə müdaxilə edərək bildirib ki, hər il forumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyasında həm Azərbaycan, həm də Ermənistandan nümayəndələr iştirak edirlər. O qeyd edib ki, bu il bu formata müəyyən dəyişiklik etməyə qərar verilib.