BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti Azərbaycanın Xarici İşlər Nazirinə etimadnaməsini təqdim etdi | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti Azərbaycanın Xarici İşlər Nazirinə etimadnaməsini təqdim etdi

Siyasət A- A A+

Dünən BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi vəzifəsinə təyin edilən cənab Alessandro Frakassetti BMTİP-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini Azərbaycanın Xarici İşlər Naziri, Zati-aliləri cənab Elmar Məmmədyarova təqdim edib.

Nazir Məmmədyarov cənab Frakassettinin BMTİP-in rəhbəri cənab Axim Ştayner tərəfindən 6 may 2019-cu il tarixdə imzalanmış təyinat məktubunu qəbul edib.

BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsi vəzifəsində cənab Frakassetti BMTİP-in ölkədə həyata keçirdiyi bütün fəaliyyətlərinə rəhbərlik edir və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq Azərbaycanın milli prioritetlərinə dəstək göstərmək üçün milli səviyyədə maraqlı tərəflərlə və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Cənab Frakassettinin BMTİP-in Rezident Nümayəndəsi vəzifəsinə təyinatı ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair prioritetlərin milliləşdirilməsi ilə Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədə nail olunması işinin əsasının qoyulduğu taleyüklü bir vaxta təsadüf edir.

Nazir Məmmədyarovla ikitərəfli görüş zamanı cənab Frakassetti vurğulayıb ki, BMTİP, ölkənin məqsədyönlü inkişaf gündəliyinin yerinə yetirilməsində Azərbaycan Hökumətinə tam dəstəyini davam etdirəcək və inklüziv məşğulluq və sahibkarlıq, gənclər və qadınların səlahiyyətlərinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyalardan istifadə və Azərbaycanda ətraf-mühitin mühafizəsi işinin və enerjidən səmərəli istifadə potensialının gücləndirilməsi kimi əsas prioritet sahələrdə təcrübə və innovativ həll yollarını təklif edəcəkdir.

Hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq və “Heç kim kənarda qalmasın” prinsipinə riayət edərək, BMTİP-in proqram fəaliyyətləri kənd icmaları, qadınlar və gənclər, işsizlikdən əziyyət çəkən şəxslər, əlilliyi olan insanlar, müharibə veteranları və məcburi köçkünlər daxil olmaqla həssas əhali qruplarının firavan yaşamaqları üçün bərabər imkanları təşviq edir.

Cənab Alessandro Fracassetti 2018-ci ilin dekabr ayından bəri BMTİP-in Azərbaycan Ofisinin rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edirdi. Cənab Frakassetti beynəlxalq inkişaf sahəsində yüksək səviyyəli rəhbər vəzifələrdə işləyib və bu sahədə 22 ildən artıq iş təcrübəsinə malikdir. BMTİP-in Rezident Nümayəndəsi vəzifəsinə təyinatından öncə, o, 2016-cı ildən bəri BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışıb. Daha əvvəl, Alessandro Frakassetti 2011-2016-cı illərdə BMTİP-in Şimali Makedoniya Ofisi, ondan öncə isə 2006-2011-ci illər ərzində BMTİP-in Xorvatiya Ofisi və 2004-2006-cı illərdə BMTİP-in Belarus Respublikasında fəaliyyət göstərən ofisinin Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışıb. 1996-cı ildən etibarən, cənab Frakassetti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bosniya və Herseqovina, eləcə də Xorvatiya ofislərində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən siyasi məsələlər üzrə baş müşavir və seçki məsələləri üzrə baş müşavir vəzifələrində çalışıb.

 

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin və cəmiyyətlərin qurulması sahəsində yerli icmalar və müxtəlif sosial təbəqədən olan insanlarla birgə çalışan təşkilatdır. BMT-nin inkişaf sahəsində çalışan ən böyük agentliyi olan BMTİP hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təşviq edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, BMTİP insanların həyat və rifahlarını yaxşılaşdırmaq və dünya miqyasında güclü dövlət modeli qurmaq məqsədi ilə qlobal perspektivli və yerli miqyaslı təhlillər irəli sürür.

1992-ci ildən Azərbaycanda ilk fəaliyyətə başlayan BMTİP 30 ildən artıq zamandır ki, ölkədə inkişaf sahəsində mühüm fəaliyyətlər həyata keçirir.

BMTİP-in Azərbaycanda fəaliyyəti "2016-2020-ci illər üzrə Ölkə Proqramı Sənədi" ilə təsvir olunub və hökumətlə sıx məsləhətləşmənin nəticəsidir. Ümumilikdə, BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş yardımının milli inkişaf gündəliyinə uyğunluğunu təmin etmək üçün BMT İdarə Heyəti hər beş ildən bir Birləşmiş Millətlər Təşkilatının BMT‐nin İnkişafa Yardım üzrə Çərçivə sənədi (UNDAF) adlı birgə yardım strategiyasını formalaşdırırlar. BMT-nin İnkişaf Proqramının “Ölkə Proqramı Sənədi” UNDAF ilə təsdiq edilmiş beş əsas istiqamətin üçünü prioritet götürür. BMTİP-in Azərbaycanda fəaliyyəti bu üç istiqamət üzrə təşkil edilir və həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bunlara (i) dayanıqlı və inkluziv inkişaf və ləyaqətli iş, (ii) yaxşı idarəçilik naminə institusional bacarıqların artırılması və (iii) enerji səmərəliyi, ətraf mühit, iqlim dəyişikliyi və fəlakətlərə qarşı müqavimətin artırılması aiddir. 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...