“Amnesty İnternational” hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib” - Deputatlar | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


“Amnesty İnternational” hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib” - Deputatlar

Siyasət A- A A+

“Azərbaycanda növbəti həftə keçiriləcək idman bayramını “Amnesty İnternational” təşkilatı müzakirə etməsəydi, yəqin ki, təəccüb doğurardı. Çünki bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda mötəbər tədbirlər qabağı absurd fikirləri ilə gündəmə gəlməyə çalışıb”.

Bu barədə ONA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva “Amnesty İnternational”ın mayın 29-da Bakıda keçiriləcək Avroliqanın finalı ilə bağlı yaydığı açıqlamaya münasibət bildirərkən deyib. 

O bildirib ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi bir sıra dairələr tərəfindən təhlil olunur və  “Amnesty İnternational” bu qərəzli mövqelilər arasında öndə gedir: “Lakin bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir. Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycan müasir idman infrastrukturunun yaradılmasında və bu yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Ölkə Prezidenti İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib”.

S. Fətəliyeva bildirib ki, Azərbaycan  özünün milli dəyərləri ilə yanaşı, multikultural və tolerant dəyərlərini də bütün dünyaya nümayiş etdirir: “Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara və təşrif buyuran qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammit, forum, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda xalqımızın mədəni dəyərlərini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi, Azərbaycan xalqının və dövlətinin multikulturalizmə ən böyük töhfəsidir. Bu baxımdan müxtəlif qərəzli bəyanatların verilməsi və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Beynəlxalq idman yarışının siyasiləşdirilməsi, başqa məcralara yönəldilməsi anti–Azərbaycan qüvvələrin  qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə bu cür məsələ müzakirə mövzusu ola bilməz”.

S. Fətəliyevanın sözlərinə görə, Azərbaycan Avropada fərqlənən dövlətdir, çünki burda təhlükəsizlik dövlət tərəfindən tam təmin olunur, eləcə də sadə insanların qonaqpərvərliyi heyran edir: “Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşan ermənipərəst dairələr qərəzli ifadələrlə özlərini biruzə verəcəklər. Ermənistanın yanaşması və yürütdüyü yanlış siyasət onun işğalçı siyasətinin davam etdirilməsinin sübutudur. Dəfələrlə təhlükəsizliyin təmini barədə ölkə rəhbərliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarına baxmayaraq, “Arsenal”ın oyunçusu Henrix Mxitaryanın ölkəmizə gəlmək qorxusunu dilə gətirməsi və gəlməmək istəyi qeyd olunanların bariz nümunəsidir. Henrix Mxitaryanın son dövrlər heç bir maraqlı performans və peşəkar oyun təqdim etmədiyini nəzərə alsaq, bu cür yanaşmanın öz xeyrinə yönəltməsini açıq-aydın görmüş olarıq.  Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyidir”.

S. Fətəliyeva qeyd edib ki, bu cür manipulyasiyalar nəticəsiz qalacaq və bütün dünya ölkəmizdə növbəti həftə baş verəcək yüksək səviyyəli idman bayramının şahidi olacaq: “Azərbaycan beynəlxalq nüfuzunu günü-gündən artırır. Dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verərək, müxtəlif problemlərin həlli üçün yol xəritəsi çəkən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar  təsir edə bilməyəcək”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasından olan deputat Dilarə Cəbrayılova isə ONA-ya bildirib ki, Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçiriləndə həmişə bəzi təşkilatlar hay-küy salaraq buna qarşı çıxmağa çalışırlar. O bildirib ki, Avroliqanın final mərhələsi ilə əlaqədar xeyli sayda azarkeşin, bu tədbirin təşkilatçılarının Azərbaycana gəlməsi və dünyanın bir çox ölkələrində milyonlarla insanın televiziyalar vasitəsilə yarışı izləməsi bir çox dairələri narahat edir: “Onlar bilirlər ki, Azərbaycana gələn insanlar ölkəmizin reallıqlarını, inkişaf, sabitlik və əmin-amanlığı görəcəklər. Ölkəmizi gözü götürməyən qüvvələr bir neçə gündür bu yarışın Bakıda keçirilməsi ilə bağlı absurd fikirlər səsləndiriblər. Bu günlərdə “Amnesty İnternational” adlı qurum bu tədbirin Bakıda keçirilməsini pisləyib və bəyan edib ki, guya Azərbaycanda insan hüquqları qorunmur. Biz bilirik ki, “Amnesty İnternational” korrupsiyaya bulaşmış bir qurum və ayrı-ayrı dairələrin əlində bir alətdir”. Deputatın sözlərinə görə, çox təəssüf ki, bu cür çirkin kampaniya aparan təşkilatlara ölkə daxilində olan bəzi anti-milli qüvvələr də dəstək verirlər: "Bəzi qüvvələr UEFA Avropa Liqasının final oyunu ərəfəsində mitinq keçirməyə cəhd göstərir. Yarışın yüksək təhlükəsizlik şəraitində baş tutması üçün bütün tədbirlər görülüb. Əvvəlki yarışların keçirilməsi də sübut edib ki, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var və insanların təhlükəsizliyi təmin olunur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...