Fransa Milli Assambleyasında "Qadın hüquqları, Şərqlə Qərbin qovuşağında Azərbaycan nümunə kimi" adlı seminar öz işinə başlayıb.
Eurasia Diary xəbəb verir ki, tədbir Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə keçirilir.
Seminarda Fransa Milli Assambleyasında Qadın hüquqları və qadınlarla kişilər arasında bərabər imkanlar üzrə nümayəndə heyətinin prezidenti, deputat Mari-Pyer Rixən (Marie-Pierre Rixain), Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alən Rafan (Pierre Alain Raphan), Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Fransanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, mədəniyyət, incəsənət xadimləri və KİV təmsilçiləri iştirak edirlər.
Tədbirdə fransalı və azərbaycanlı ekspertlər qadın hüquqlarının cəmiyyətin inkişafındakı əhəmiyyəti haqqında, qadınların bu günə kimi əldə etdikləri tarixi uğurları barədə məruzələrlə çıxış edəcəklər. Azərbaycanlı tarixçi-professorlar, mütəxəssislər Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin tarixindən danışacaq, ölkənin bu sahədəki uğurlu təcrübəsini bölüşəcəklər.