Azərbaycan hökumətinə qaçqınlara münasibətdə nümayiş etdirdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Bu sözləri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai bu gün Beynəlxalq Muğam Mərkəzində keçirilən Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib. O, qaçqın problemlərinə toxunub və dünyada qaçqınların və məcburi köçkünlərin sayının artması barədə narahatlığını ifadə edib.
Q.İsaqzai bildirib ki, Azərbaycanda qaçqınlar zəruri xidmətlərə, o cümlədən ibtidai və orta təhsilə, ilkin tibbi yardım xidmətlərinə çıxış imkanlarına malikdirlər:
"BMT qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumətin ehtiyac duyduğu istənilən yardımı göstərməyə hazırdır".
Q.İsaqzai vurğulayıb ki, son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb. Bu gün 70 milyon insan bu problemdən əziyyət çəkir.