Sosial şəbəkələrdə Azərbaycan türkcəsində aydın danışan bir neçə şəxsin işğal altındakı Şuşa şəhərindəki İsa bulağında yeyib-içməyə hazırlaşdıqlarını təsvir edən video-görüntülər yayılıb.
Həmin video-görüntülərin məhz İsa bulağında çəkildiyini şuşalılar da təsdiqləyir. Sözsüz ki, səslərin montaj edilməsi də mümkündür...
Əgər gerçəkdən hansısa azərbaycanlılar hər hansı yolla( Rusiya, yaxud digər ölkə vətəndaşı kimi, erməni tanışları vasitəsilə və s.) Azərbaycan dövlət qurumlarının xəbəri olmadan ermənilərin əlində olan məkana belə sərbəst gedibsə, bununla düşmən dəyirmanına su tökdükləri şəksizdir...
Qeyd edək ki, separatçı-terrorçu erməni rejiminin rəhbərliyi bir neçə dəfə bəyan edib ki, azərbaycanlılar, o cümlədən məcburi köçkünlər işğal altındakı torpaqlarımıza ya turist kimi, ya da rejimin “vətəndaş”lığını qəbul etdikdən sonra “sərbəst gəlib-gedə bilərlər”. Ona görə də videoların təxribat xarakterli olması faktı da istisna edilmir.
Eurasia Diary məsələni araşdırdı. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva mövzuyla bağlı bizə açıqlama verdi.
Leyla Abdullayeva qeyd etdi ki, “Bilirsiniz ki, hazırda texnologiya əsrində yaşayırıq. Bu cür videolar yayıldığı zaman onların orjinallığının ekspertlər tərəfindən yoxlanılması zəruridir. Ona görə də əvvəlcə videonun analizinə ehtiyac var. Daha sonra isə biz araşdıracayıq ki, bu şəxslər həqiqətən azərbaycanlıdır, yoxsa sadəcə azərbaycan dilini yaxşı bilən turistlərdir. Ekspertlər onların ləhcələrindən tutmuş geyimlərinə qədər analiz edəcək. Eyni zamanda öyrənəcəyik ki, bu şəxslər hansı ölkədən əraziyə səfər ediblər. Bütün bu tətqiqatlar bitdiyi zaman nazirlik məsələylə bağlı rəsmi mövqeyini açıqlayacaq”.
Hansı ölkədənin vətəndaşı olmasından asılı olmayaraq Beynəlxalq aləm tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərə, ölkəmizə daxil olmaq istəyən hər bir kəs bununla bağlı Azərbaycan Respublikasına rəsmi müraciət etməlidir. Azərbaycanın razılığı olmadan ölkəmizə daxil olan xarici vətəndaşlar sonradan ölkəmizə girişi qadağan olunan arzuolunmaz şəxslər siyahısına daxil edilirlər. Bunun üçünsə ilk əvvəl bu şəxslərin dəqiq kimliyi müəyyən edilməlidir.