Xarici İşlər Nazirliyinin (XİN) kollektivi 9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü və Azərbaycanda diplomatik xidmətin 100 illiyi münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidənin önünə çiçək dəstələri düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.