Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin baş üzvü, ermənipərəst konqresmen Bred Şerman iyunun 25-də Azərbaycanın hücum imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim edib. Təşəbbüs Bakının Xankəndində yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşını almağı hədəfləyir. Belə ki, dəyişiklik qəbul ediləcəyi halda ABŞ-ın Azərbaycana Xankəndinə qanunsuz uçan mülki təyyarələri vura biləcək silah satmasına qadağa qoyulacaq.
Moderator.az-ın əldə etdiyi yeni xəbərə görə, iyulun 12-də Nümayəndələr palatasının müvafiq komitəsi toplanaraq sözügedən təklifi müzakirə edib. ABŞ-dakı Ermənistanın Milli Komitəsi (ANCA) yaydığı məlumatda deyilir ki, 2020-ci il üçün Milli Müdafiəni tənzimləyən qanuna bəhs edilən dəyişiklik təklif olunub. Həmin təklif erməni məsələləri üzrə konqresmen həmsədrlər Frank Pallone, Ceki Şpayer, vitse-prezident Adam Şiff tərəfindən dəstəklənib. Bu minvalla qanuna Xankəndidəki hava limanına mülki təyyarələrin enib-qalxmasına şərait yaradacaq dəyişiklik lehinə 234, əleyhinə 194 səs verilməklə qəbul edilib.
Ermənipərəst konresmen Bred Şerman dəstəyə görə həmkarlarına təşəkkür edərək deyib:
" ... “Artsaxın siyasi statusuna necə yanaşmamızdan asılı olmayaraq, mülki bir təyyarənin qəzaya düşmə təhlükəsi qəbuledilməzdir. Bu qorxunc davranışda azərbaycanlıları dəstəkləmədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirirəm... "
Xatırladaq ki, bundan öncə ABŞ Konqresi Dağlıq Qarabağda atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı təklif olunan düzəlişi də qəbul edib. Respublikaçı konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlər təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların geri çəkilməsini, ATƏT-in müşahidəçilərinin sayının artırılmasını, təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunmasını nəzərdə tutur.