Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarabağ ətrafında yaranmış son durumla bağlı Milli Məclisin fövqəladə toplantısının çağırılması və Azərbaycan Respublikasının prezidenti ilə ictimai, siyasi qüvvələrin geniş tərkibli görüşünün keçirilməsi təklifi ilə prezident İlham Əliyevə müraciət edib.
Eurasia Diary-nin məlumatına görə, müraciətdə deyilir:
"Qarabağ məsələsi ətrafında Ermənistan rəhbərliyinin təxribatçı hərəkətləri nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı yenidən Sizə müraciət etməyi özümüzə borc bilirik. İki gün əvvəl biz Sizə konkret təkliflər paketi ilə müraciət etmişdik. Həmin təkliflərimiz qüvvədə qalır və inanırıq ki, müraciətimizə diqqətlə yanaşacaqsınız.
İndi vacib hesab etdiyimiz başqa bir məsələ ilə bağlı Sizə müraciət edirik. Düşünürük ki, ermənilərin son hərəkətləri təsadüfi deyil və bu hərəkətlər Azərbaycan üçün daha təhlükəli proseslərin başlanğıcı ola, ermənilər havadarlarının hesabına daha təhlükəli addımlar ata bilərlər. Ermənilərin bütün planlarının qarşısının alınması, torpaqlarımızın azad olunması üçün cəmiyyətin bütün qüvvələrinin konsolidasiya olunmasına, səfərbər olunmasına, vahid mövqenin formalaşdırılmasına ehtiyac vardır.
Ona görə də iki təkliflə Sizə müraciət etməyi qərara aldıq. Birincisi, təklif edirik ki, Milli Məclisin fövqəladə toplantısı çağırılsın, bu toplantıda cəmiyyətin bütün qüvvələrinin, siyasi partiya və ictimai təşkilat nümayəndələrinin, Qarabağ döyüşçülərinin, ictimai xadimlərin, alimlərin, ekspertlərin, mətbuat nümayəndələrinin və digərlərinin iştirakı ilə geniş Qarabağ müzakirələri keçirilsin, təkliflər irəli sürülsün.
İkincisi, Azərbaycan Respublikası prezidentinin iqtidarda və müxalifətdə olan, həmçinin ictimai rəyə təsir etmək imkanı olan bütün qüvvələrlə görüşünün keçirilməsini təklif edirik. Bu təkliflərin reallaşması üçün təşkilatçılardan biri kimi çıxış etməyə hazırıq.
Bu təkliflərin dövlətçiyimizə, Qarabağın azadlığı işinə xidmət edəcəyinə, müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik".