"Sabah müharibə olarsa, mən də hamı kimi döyüşməyə hazıram" - Deputat | Eurasia Diary - ednews.net

18 Avqust,


"Sabah müharibə olarsa, mən də hamı kimi döyüşməyə hazıram" - Deputat

Siyasət A- A A+

"Bizim ordumuz hər gün daha da güclənir. Azərbaycanın nizami ordusu yaranıb. Ölkə başçısı - Ali Baş Komandanımız İlham Əliyevin ordumuza böyük diqqət və qayğısı var. İnanıram ki, ordumuz istənilən vaxt torpaqlarımızı işğaldan azad edəcək".

Eurasia Diary xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov bildirib. 

Deputat deyib ki, ordumuzu pisləyən adamların Azərbaycan vətəndaşı olması şübhəlidir:

"Ermənistanın baş naziri Nikol Paşinyanın bir hərəkətinə görə ordumuzun zəif olduğunu demək olmaz. Paşinyan gəlib klounluq edirsə, bunun Azərbaycan ordusunun zəif və ya güclü olmasına heç bir təsiri yoxdur. Sadəcə millət olaraq ermənilər və Paşinyan özlərinə ziyan edirlər. Əslində, qırılan erməni əsgərləri və gəncləridir. Mətbuatdan da görürük ki, erməni əsgər anaları fəryad edərək mitinqlərə çıxırlar, hökumət başçılarını pisləyirlər".

R.Xəlilov xaricdə yaşayan bəzi azərbaycanlıların Milli Məclisin deputatları barədə səsləndirdiyi tənqidi fikirlərə də cavab verib:

"Bizim qorxaq olduğumuzu söyləyən həmin gənclər əgər Vətənin qədrini elə bilirlərsə, o zaman gəlib işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparsınlar. Onlar gəlsinlər bura, o zaman deputatların qaçıb-qaçmayacağını görəcəklər. Deputat heç yerə qaçmayacaq. Deputatlar seçilmiş şəxslərdir. Deputatın seçiciləri qarşısında öhdəliyi var. Deputat hara qaçacaq? Deputatın Vətənindən başqa yeri yoxdur. Amma biz deputatları pisləyən həmin gənclər Avropada kimlərinsə qoltuğu altına girib, gizli şəkildə Azərbaycan dövlətini və xalqını satırlar. Mən heç onların səviyyəsinə enib, barələrində fikir söyləmək istəmirəm. Əslində, onlar doğrudan da Azərbaycanı düşünürlərsə, gəlib burada otursunlar, əsgərlərimizin yanına getsinlər, hərbi xidmətə qayıtsınlar və sairə. Yoxsa ki, gedib Avropanın hansısa ölkəsində oturub xarici xüsusi xidmət orqanlarına xidmət edirlərsə, onların bu hərəkətləri bağışlanmazdır. Düşünürəm ki, onların qanını biz təhlil etsək, ermənidən də pis çıxacaq".

Deputat istənilən an müharibədə iştirak etməyə hazır olduğunu söyləyib:

"Əgər sabah müharibə olarsa, mən də hamı kimi döyüşməyə hazıram. Yaşımdan asılı olmayaraq, nə zaman göstəriş olarsa, gedib Vətənimi qoruyacağam". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...