Nazirlər Kabineti “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nı təsdiq edib.
Eurasia Diary APA-ya istinadla xəbər verir ki, bu Qayda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.
“Mediasiya haqqında” qanuna uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəf fiziki şəxs olduqda mediasiya xərcləri dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir, hüquqi şəxs olduqda isə həmin şəxslərin üzərinə qoyulur. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.