Rusların 38 %-i Putini prezident görmək istəmir - "Uçurum dərinləşir" - Polşa nəşri | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Rusların 38 %-i Putini prezident görmək istəmir - "Uçurum dərinləşir" - Polşa nəşri

Siyasət A- A A+
Polşanın “Qazeta Polska” nəşrinin Vladimir Putin haqqında bizim oxucular üçün də maraqlı olan məqaləsini təqdim edir.  
 
“Vladimir Putin hakimiyyəti əlində möhkəm tutmaqda davam edir və parçalanmış müxalifət ona etiraz etmək qədər güclü deyil. Ancaq son aylar göstərdi ki, bu günə qədər istifadə olunan yoxlanılmış metodlar əvvəlki kimi effekt vermir və Rusiya prezidentinin yeni ideyaları yoxdur.
 
60 min adamı bir araya gətirən Moskvadakı son illərin ən böyük etirazı, Sibirdəki genişmiqyaslı meşə yanğınları, Severodvinskdəki ekoloji fəlakət, Qafqazdakı yeni münaqişələr (Dağıstan, Çeçenistan və İnquşetiya arasında), Donbass və Suriyadakı avantyuralarına son qoyulmaması , sanksiyalar və həyat keyfiyyətinin azalması ilə getdikcə narazı qalan cəmiyyət. Göründüyü kimi Putinin kifayət qədər problemləri var və o hələlik  onları həll etmək üçün sınanmış metodlara müraciət edir. Sual olunur: Kremlin gözlədiyi nəticəni bu metodlar gətirəcəkmi?
 
Vladimir Putin 20 illik hakimiyyətində, dörd Amerika prezidentinin və onlarla digər dünya liderlərinin necə siyasi səhnəyə gəldiyini və tərk etdiyini görə bildi.
 
İqtisadiyyatı modernləşdirmək əvəzinə, hakimiyyət dairələrinə yaxın bütün insanların tez və sərbəst şəkildə zənginləşə biləcəyi oliqarxik kleptokratiya sistemini yaratdı. Təbii ehtiyatların satışından büdcə gəlirləri adi rusların yaşayış səviyyəsini nisbətən məqbul səviyyədə saxlayaraq qoruyucu kimi oldu. Təsiri altında saxladığı bəzi keçmiş postsovet ölkələrinin də onun idarəetmə sistemini təkrarlamasına nail oldu. 
 
Eyni zamanda böyük “derjava” ritorikasını, Rusiyanın beynəlxalq aləmdə müxtəlif işlərə fəal müdaxiləsini (bu səbəbdən belə təəssürat yaranırdı ki, "hamı Rusiya ilə yenidən hesablaşmalıdı"), Çeçenistan, Gürcüstan, Suriya və ya Ukraynadakı hərbi əməliyyatları başlatmaqla vətəndaşları mövcud problemlərdən yayındırmağa çalışdı. 
 
İndiyə qədər işləyən bütün bu ideyalar tədricən müsbət nəticələr verməyə başladı, amma Putinin fəaliyyəti əvvəlki kimi bacarıqlı görünmür. "Həyat prezidentdən daha sürətlə dəyişir. Siyasətdə baş verənlərlə gerçəkdə baş verənlər arasındakı uçurum dərinləşir və bununla bağlı bəzi yorğunluqlar nəzərə çarpır" - deyən politoloq Konstantin Haase vəziyyətə aydınlıq gətirir.
 
Donbassda və ya Suriyada avantürist əməliyyatlar gündəlik problemlər yükü altında qalan rusiyalılarda artıq qürur hissi oyatmır, lakin bu gərginliyin mənasını düşünməyə vadar edir, xüsusən də bu işlərin ardınca beynəlxalq sanksiyaların tətbiq edilməsinin ağır nəticələrini Rusiya cəmiyyəti öz üzərində hiss edir. Üstəlik, Putin 2014-cü ildə Krımın ilhaqından sonra heç bir parlaq uğur qazana bilmədi. Ukraynanın şərqində Rusiya yeni əraziləri fəth edən və oraya sivilizasiyanı gətirən bir dövlət kimi yox, çox çətinliklə status-kvonu saxlamağa çalışan və tədricən qanı axan imperiya kimi  görünür.
Putin sisteminin problemlərindən biri də məhz bu qədər uzun müddət mövcud olmasıdır. 
 
Ümumiyyətlə, istənilən uzunmüddətli hakimiyyət problem yaradır, həm hakimiyyətin başında dayanan şəxs üçün, həm də cəmiyyət üçün. Putinin özü və ətrafındakılar sadəcə qocalır və XXI-ci əsrin əvvəllərində doğulmuş nəslin nə istədiyini başa düşmürlər.
 
Hakimiyyət elitasında, öz növbəsində, gənclər yoxdur. Hətta höküməti dəstəkləyən sənətçilər və şou-biznes dairələrindən olan insanlar, daha çox yaşlı nəslin nümayəndələridir. Rusiya rəhbərliyinin dövrün ruhundan geri qalmağının simvolu, etirazların ən pik mərhələsində, “Gecə canavarları” klubunun yaşlı üzvlərinin yanında motosiklet sürən və gənclərə nümunə olmaları lazım olduğunu vurğulayan Putinin özüdür.
 
Problem həm də ondan ibarətdir ki, gənc nəslin əhəmiyyətli bir hissəsi Putinsiz dünyanı bilmir. Jurnalistlərlə söhbətdə etiraz mitinqinin iştirakçılarından biri bunu belə izah etdi: "20 yaşım var və mən bir gün də azadlıqda yaşamamışam".
 
İqtisadi vəziyyətin pisləşməsi Rusiyadakı dövlət qurumlarının və onun aparıcı siyasətçilərinin populyarlığının azalmasına səbəb olur. İndi rusların 38% -i Putinin 2024-cü ildən sonra prezident qalmasını istəmir.Əgər Putin 2024-cü ilədək davam etsə, yəqin bu rəqəm çox böyüyəcək.
 
Vəziyyət, hər şeyi təhlil edəndə məlum olur ki, ciddidir, hətta rəsmi dövlət statistikasının məlumatları da həyəcan verir. Medianın ən çox narahat edən məsələlərdə biri də, 35% rusların hər ailə üzvü üçün ildə iki cüt ayaqqabı ala bilməməsidir.
 
Bununla yanaşı, rəsmi məlumatlara görə, yoxsulluq həddində yaşayan rusların sayı 21 milyona çatdı ki, bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 4% çoxdur”.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...