Türkiyənin məşhur siyasətçilərindən biri olan, sabiq millət vəkili, Azərbaycan əsilli Sinan Oğan ötən gün öz tvitter hesabında İstanbul bələdiyyə başqanı Ekrem İmamoğlunu sərt tənqid edib.
S. Oğan İmamoğlunun terror təşkilatına dəstək verməkdə ittiham olunaraq işdən azad edilən Mardinin sabiq bələdiyyə başqanı Ahmet Türkü ziyarət etməsinə münasibət bildirib:
“Əsla alınmaz deyilən bir bələdiyyəni (İstanbul bələdiyyəsi) qazanıb, dağ kimi yığılan problemlərlə məşğul olmaq yerinə terrora dəstək verdikləri üçün işdən azad edilən bələdiyyə başçılarını ziyarətə getmək nə deməkdir? Həmçinin bu Əhməd Türkdədə nə var bilmirəm, biri həbsdən çıxması üçün xahişlər edir, dil tökür, o biri ayağına gedir...”.
Qeyd edək ki,31 avqustda Ekrem İmamoğlu Diyərbəkirə səfər etmiş və işdən azad edilən HDP-li nümayəndələrlə görüş keçirmişdi.
İmamoğlu HDP-li bələdiyyə başçılarının işdən azad edilməsi və yerlərinə qəyyum təyin edilməsi qərarını sərt tənqid etmiş və bu qərarı "qəflət və rəzalət" adlandırmışdı.