"ATƏt-in Minsk qrupunun tərkibi dəyişdirilməlidir. Çünki ATƏT-in Minsk qrupunu və həmsədrləri fəaliyyətsizdir, onlar münaqişənin həllinə laqeyd, biganə yanaşır".
Eurasia Diary xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, 1996-2015-ci illərdə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.
Əvvəla, razılaşacaqlarsa, onda sizə nə ehtiyac, siz nəyə lazımsınız? İkincisi, Azərbaycan pezidentinin siyasi iradəsi var, öz sözünü deyir, ermənilər isə qaçır, minbir fitnəkarlıqla prosesdən yayınırlar. Minsk qrupunu da yaradıblar ki, məsələni həll etsin. Əgər bu təşkilat Qarabağ məsələsini həll edə bilmirsə, problemi ölkə rəhbərlərinin ixtiyarına buraxırsa, onda belə bir qurum nəyə lazımdır?
Şəxsən belə hesab edirəm ki, Minsk qrupunun tərkibi də dəyişdirilməlidir. İldə bir dəfə hansısa ölkənin xarici işlər naziri sədr olur, regiona səfər edir, qayıdır. Amma həmin ikinci dərəcəli müavinlər isə biganədirlər. Yaxşı yadımdadır, “Daşnaqsütyun” Partiyasının sədri ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edirdi. Mən bir dəfə ona dedim ki, torpaqlarımızı işğal etmisiniz, bəs niyə öz adamlarınızı həmin torpaqlara köçürmürsünüz? Dedim ki, sizin heç İrəvanda adamınız qalıb ki, Qarabağa da kimisə yerləşdirəsiniz? Bilirsiniz, ermənilərin, sadəcə, torpaq xəstəliyi var və onlar əsrlərdir bu xəstəlikdən qurtula bilmirlər", - deyə deputat bildirib.
Bununla belə E.İbrahimov inanır ki, gec-tez İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik:
"Burada ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Qarabağ bizimdir və bizim olacaq. Bu məsələnin həlli də yaxınlaşdıqca, çox təəssüflər olsun ki, Azərbaycanı həm xaricdə, həm daxildə istəməyən qüvvələr hərəkətə keçirlər. Təxribatla, düşmənçiliklə məşğul olurlar. Ancaq bir daha bəyan edirəm ki, Azərbaycan dövləti bütün bu təxribatların qarşısını alacaq, torpaqlarımız işğaldan azad ediləcək. Azərbaycanlılar mütləq öz tarixi torpaqlarına qayıdacaqlar. Buna tam əmin ola bilərsiniz. Çünki buna Azərbaycan dövlətinin gücü də, Azərbaycan prezidentinin iradəsi də var".