“Biz düşmənin dilini bilmək üçün can atmalı, səy göstərməliyik”
Eurasia Diary xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib:
“Mənim Bakının mərkəzində olan Erməni kilsəsinin önündə erməni dilində müraciətim onu göstərdi ki, biz cinayətkar rejimin əsarətində olan erməni icmasına məhz onların öz dilində müraciət edirik. Bu cür müraciətlə onların informasiya blokadasından çıxarmağa çalışırıq. Bunu təqdirəlayiq hal hesab edirəm. Bizim gəncləri, icma üzvlərini dəvət edirəm ki, erməni dilini öyrənsinlər. Çünki düşmənin dilini öyrənməkdən bizə xeyir gələr, ziyan yox. Dilin öyrədilməsi üçün müvafiq kursların, təlim proqramlarını təşkil edərək, əlimizdən gələni etməyə çalışırıq”.
Qeyd edək ki, son zamanlar erməni dilini bilən vətəndaşlarımızın sayı azalır. Bu dili əsasən yaşlı nəsil bilir. Bu səbəbdən gənclərə düşmən ölkənin dilinin öyrədilməsi istiqamətində işlərin görülməsi zəruri hal hesab olunmalıdır. Düşmənin siyasətini elə onun öz dilindən eşidib, başa düşmək müsbət nəticələrin əldə edilməsində özül rol oynaya bilər.