Eurasia Diary xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Azərbaycan və Gürcüstanın sıx əməkdaşlıq əlaqələrinə malik dost ölkələr olduğunu bildirib. “Ötən 27 il ərzində bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə ikitərəfli münasibətlərimiz inkişaf edib. Qonşu ölkələrimiz arasında energetika, sərmayə qoyuluşu, iqtisadi-ticarət sahələrində də yaxşı əlaqələr qurulub”,- deyə Baş Nazir vurğulayıb.
Novruz Məmmədov Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regionda sabitliyin təmin olunmasına və inkişafa xidmət etdiyini xüsusi vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin daha da inkişafında yüsəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Novruz Məmmədov xanım Natiya Turnavanın səfərinin də ikitərəfli münasibətlərimizin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Baş Nazir yaxın gələcəkdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyini vurğulayıb.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla vurğulayıb, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışıb. Nazir əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm sahələrində genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu söyləyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.