"Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının kollektiv şəkildə deport edilməyə başlandığına dair xəbərlər dərc olunmuşdur. Həmin xəbərlər həqiqəti əks etdirmir."
Bunu Eurasia Diary-ə Türkiyənin Bakıdakı səfirliyindən bildiriblər.
"Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi iki gün əvvəl vitse-prezident cənab Fuat Oktay və Baş nazir cənab Novruz Məmmədovun sədrliyi ilə keçirilən Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə edilib və problemlərin həlli istiqamətində lazımi addımların atılması qərara alınıb", - deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, bu gün ölkə mətbuatında Naxçıvandan Türkiyəyə işləməyə gedən Azərbaycan türklərinin çalışma izni olmadığı üçün İstanbul şəhərindən kütləvi şəkildə deportasiyası ilə bağlı məlumat yayılıb. Naxçıvana deportasiya olunan vətəndaşlar "gununsesi.org"a bildiriblər ki, son iki gündə Türkiyə 5 minə yaxın azərbaycanlıya bu ölkəyə girişi məhdudlaşdırıb və proses davam edir.