2019-ci il 20-21 sentyabr tarixlərində Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində “2019-cu il Qaçqın və Məcburi köçkünlərə dəstək tədbirləri” həyata keçiriləcək.
Cənubi Koreyanın Bakıdakı səfirliyindən Eurasia Diary-ə verilən məlumata görə, Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, “SEBA” Koreya Şərq Təbabəti Klinikası və Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təşkilatçığı ilə keçiriləcək dəstək tədbirlərində, “Qobu Park” yaşayış kompleksində məskunlaşmış sakinlərdən 200 nəfər üçün “SEBA” Koreya Şərq Təbabəti Klinikasının tibbi heyəti tərəfindən şərq və qərb üsulları ilə müayinə və müalicələr aparılacaq, məktəblilər arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq, məktəbə müxtəlif texniki və məktəb ləvazimatları hədiyyə ediləcək və qaçqın və məcburi köçkün ailələrinə təskinlik ziyarəti həyata keçiriləcəkdir.
Həmçinin, bu dəfəki tədbirdə bu ilin may ayında keçirilmiş “K-pop” Koreya musiqi festivalınının Azərbaycan seçmələrində rəqs kateqoriyası üzrə qalib olmuş 1 və 2-ci yerin sahibləri tərəfindən Koreya müasir rəqsləri və məktəb şagirdləri tərəfindən Azərbaycan milli rəqsləri nümayiş ediləcəkdir.
Koreya Respublikasının Azərbaycandakı Səfirliyi 2014-cü ildən başlayaraq Dağlıq Qarabağ müharibəsi zamanı yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirləri təşkil etməkdədir. Bu cür tədbirlərin ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid edilir.