Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır. Bu təkliflə parlamentin payız sessiyasının ilk iclasında deputat Əli Məsimli çıxış edib. O bildirib ki, bu qanun layihəsini banklar hazırlasa, onlar öz maraqlarından çıxış edəcəklər:
“Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da ki, Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir”.
Eurasia Diary xəbər verir ki, Ə.Məsimli çıxışında “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulunun labüdlüyündən danışıb: “Bu qanunun qəbulu minlərlə insanın ailə büdcəsinə təsir göstərəcək. Həmçinin, təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək”.
Spiker Oqtay Əsədov bununla bağlı qeyd edib ki, belə bir qanun layihəsi Milli Məclisə daxil olmayıb: “Hər dəfə məsələni qaldırırsınız. Amma qanun layihəsi bizə gəlib çıxmayıb. Göndərin, gəlsin”. (modern.az)