“Dağlıq Qarabağ münaqişəsi təhlükəli mərhələyə keçib” - New Eastern Europe | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


“Dağlıq Qarabağ münaqişəsi təhlükəli mərhələyə keçib” - New Eastern Europe

Siyasət A- A A+

Polşanın nüfuzlu ingilisdilli “Yeni Şərqi Avropa” (New Eastern Europe) jurnalı Ermənistan – Azərbaycan münaqişəsi haqqında “Dağlıq Qarabağ münaqişəsi təhlükəli mərhələyə keçib” adlı məqalə yayımlayıb.

Eurasia Diary xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalədə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında danışıqların uğursuz olmasından bəhs olunur və beynəlxalq ictimaiyyətin konstruktiv müdaxiləsinin olmayacağı halda bölgədə hərbi toqquşmaların artacağına dair xəbərdarlıq edilir.

Müəllif bildirir ki, 2018-ci ilin yazında Ermənistanda baş vermiş hökumət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı yaranmış nikbinlik özünü doğrultmayıb. Belə ki, baş nazir Nikol Paşinyan hakimiyyətinin ilk dövründə danışıqlara meylli yanaşma nümayiş etdirilir və müsbət mesajlar verilirdi: “Məsələn, keçən ilin sentyabr ayında Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB sammiti çərçivəsində qeyri-rəsmi görüşən Azərbaycan və Ermənistan liderləri cəbhə xəttində gərginliyi azaltmaq və operativ rabitə kommunikasiyası yaratmaq barədə razılığa gəliblər. Daha sonrakı aylarda xalqları sülhə hazırlamaq və buna bənzər digər nikbin bəyanatlar verilirdi”.

V.Hüseynov qeyd edir ki, bu vəziyyət heç bir real müsbət nəticə vermədi: “Paşinyanın dəyişən ritorikası fonunda Ermənistan liderlərinin intensivləşən aqressiv bəyanatları, Azərbaycana qarşı ərazi iddialarını daha çılpaq şəkildə ifadə etməkdən çəkinməmələri danışıqlar prosesini dalana dirəyib. Bunun nəticəsidir ki, sentyabrın 28-də BMT Baş Assembleyasında çıxışı zamanı Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov ötən bir il ərzində münaqişənin həlli istiqamətində heç bir irəliləyişin qeydə alınmadığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.

Məqalədə vurğulanır ki, sonuncu dəfə danışıqlar prosesində ümidsizlik 2016-cı ilin aprelində atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana baş vermiş ən böyük hərbi toqquşma ilə nəticələndi. “Buna görə, hazırki vəziyyət dünya ictimaiyyəti, xüsusilə Avropa İttifaqı və BMT tərəfindən ciddi nəzərə alınmalı və bölgədə daha bir qanlı eskalasiyanın olmaması üçün Ermənistan tərəfi substantiv danışıqlara məcbur edilməlidir”,- deyə müəllif vurğulayır.

Daha ətraflı:

http://neweasterneurope.eu/2019/10/08/negotiations-failed-nagorno-karabakh-conflict-reaches-dangerous-stage/

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...