Hindistanda azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi olan Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü 2018-ci il oktyabrın 2-dən 2019-cu il oktyabrın 2-dək dünyanın hər yerində qeyd olunur.
Eurasia Diary xəbər verir ki, bu davam edən tədbirlər çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi 14 oktyabr 2019-cu il, saat 16:00-da ADA Universitetində Mahatma Qandinin 150-ci ildönümünə həsr olunan tədbir təşkil etdi.
Tədbirdə çıxış edən ADA Universitetin prorektoru Fariz İsmayılzadə, Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvawna, Səfirliyin İkinci Katibi Sujesh Chandra Sinha və Hindistanlı natiqlər Dr.Purva Bhardwaj və xanım Purnima Gupta öz çıxışlarında dahi şəxsiyyət Mahatma Qandinin xidmətlərindən danışıblar.
Səfirlik eyni zamanda ADA Universitetində Azərbaycan Rəssamlar İttifaqı ilə birgə əməkdaşlıq çərçivəsində Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi keçirib. Sərgidə görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynovun və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 40-a yaxın rəssamın çəkdiyi, Mahatma Qandiyə həsr olunan rəsm əsərləri nümayiş olunub.