Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşü planlaşdırılmır, nazirlərin görüşünün yaxın aylarda baş tutacağı gözlənilir.
Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan açıqlayıb.
"Ölkə liderlərinin görüşü hələ planlaşdırılmır. Görüşləri xarici işlər nazirləri səviyyəsində davam etdirməyi planlaşdırırıq. Növbəti görüş gələn aya gözlənilir. Bu, ölkə başçıları səviyyəsində görüşün hazırlığı üçün əsasdır", - deyə Mnatsakanyan Yerəvanda Bolqarıstan xarici işlər naziri Yekaterina Zaxariyeva ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Erməni diplomat vurğulayıb ki, görüşlərin gündəliyində Qarabağ münaqişəsinin dinc yolla həlli, sülh şəraitində nizamlanmanın mümkün olduğu mühit, konkret addımlar və razılaşmalar barədə məsələlər var.
"Ümid edirəm ki, yaxın gələcəkdə sazişlərin icrasına xidmət edən addımlar ata biləcəyik. Hələlik xüsusi olaraq kağız üzərində yazılmış sözlər ətrafında danışıqlar aparmırıq. Lakin bu o demək deyil ki, tərəflərin öhdəliklərinin mütənasibliyini formalaşdırmaq üçün zəruri olan prinsip və parametrlər ətrafında işləmirik", - deyə Z. Mnatsakanyan qeyd edib.(Virtualaz.org)