Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Direktoru cənab Qəzənfər Əhmədov və Agetliyin Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qrupunun rəhbəri cənab Elnur Qasımov cari ilin 5 noyabr tarixində Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında NATO Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və atıcı silahlar və mina fəaliyyəti üzrə ad hoc işçi qrupunun iclasında iştirak etmişlər.
Eurasia Diary xəbər verir ki, sözügedən iclasda NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsi yanında Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzi tərəfindən mina fəaliyyəti sahəsində həyata keçirilmiş işlər, bu sahədə mövcud risk və çağırışlar barədə məlumat təqdim olunmuşdur.
Qeyd olunan iclasda Agentliyin fəaliyyəti və xüsusilə də Əfqanıstanda həyata keçirilən işlər barədə təqdimat verilmişdir. Bununla yanaşı, ANAMA Direktoru NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay, Türkiyə Respublikasının NATO yanında daimi nümayəndəsi cənab Basat Öztürk, Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzinin Direktoru cənab Villiam Alberque (William Alberque) və həmin mərkəzin Direktor müavini cənab Eirini Lemos-Maniati ilə ikitərəfli görüşlərdə də iştirak etmişdir.
Azərbaycan Respublikasının NATO Yanında Nümayəndəliyi tərəfindən təşkil olunan ikitərəfli görüşlərdə ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində Agentlik tərəfindən uğurla həyata keçirilən Saloğlu və Ceyrançöl Təmizləmə Layihələrinin regionun inkişafına müsbət töhvə verməsi və bu kimi Layihələrin gələcəkdə də davam etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.