"Xalq öz müqəddəratını özü həll etməlidir" - BAMF prezidentindən seçki çağırışı | Eurasia Diary - ednews.net

15 Dekabr,


"Xalq öz müqəddəratını özü həll etməlidir" - BAMF prezidentindən seçki çağırışı

Siyasət A- A A+

Bu gün Azərbaycan tarixində bir ilk baş tutub. Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.

Milli Məclisin buraxılması Azərbaycanda yeni bir siyasi eranın başlanğıcını qoya, yeni siyasi münasibətlər sistemini ərsəyə gətirə bilər.

Bu sözləri Eurasia Diary-ə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev deyib.

“Prezident İlham Əliyevin islahatları sürətlə davam edir. Dövlət başçısı 2018-ci il prezident seçkilərində xalqa verdiyi “bütün sahələrdə köklü islahat” vədini yerinə yetirir. İcra strukturlarında və parlamentdə həyata keçirilən islahatlar da bu vədin siyasi tərəfinə şamil edilə bilər.

İnanıram ki, islahatlar dövlətimizin daxili sabitliyini, inkişafını daha da gücləndirəcək, ən əsası isə ölkədə mövcud olan problemlərin həllini təmin edəcək.

Təəssüflər olsun ki, qanunverici orqanımız artıq uzun müddət idi ki, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmirdi. Qanunlar müzakirə edilir, qəbul edilir, lakin qanunların icra edilib-edilmədiyinə nəzarət həyata keçirilmirdi. Ümumiyyətlə, parlament hökumətin fəaliyyətinə nəzarət etmək kimi bir missiyası olduğunu unutmuşdu. Millət vəkillərinin 60%-ə yaxını ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə uzaq idi. Bütün bunlar Milli Məclisin bir qurum olaraq siyasi sistemdəki çəkisini xəfiflədirdi. Ona görə də parlamentin bu islahata ehtiyacı var idi. Lakin bu islahata parlamentin daxilindən dəstək verilməsi, parlament üzvlərinin bu gün növbədənkənar seçkilərlə bağlı prezidentə müraciət etməsi təqdirəlayiq haldır və Azərbaycandakı siyasi etikanın bir göstəricisdir”.

BAMF prezidenti, həmçinin vətəndaşları növbədənkənar seçkilərə hazırlaşmağa və seçkidə aktiv iştirak etməyə çağırıb:

“Seçki sandığı demokratik dövlətlərdə siyasi və ictimai problemlərin təməl həllidir. Demokratiya isə seçkidə təzahür edir. Ona görə mən bütün Azərbaycan xalqını indidən, növbədənkənar seçkilərdə iştirak etməyə dəvət edirəm. Azərbaycan xalqı bu seçkilərdə maksimum fəallıq göstərməli və tarixdə heç vaxt görülməyən bir seçici aktivliyi müşahidə edilməlidir. Parlamentin tərkibinin xalqın böyük əksəriyyətinin etimadını qazanmış, təcrübəli və etibarlı kadrlardan formalaşması xalqın maraqlarının təmin edilməsi və hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Yeni parlamentdə yeni kadrlara, gənclərə və mandatı olmadan bu xalqa qarşılıqsız xidmət edən ziyalılara böyük ehtiyac olacaq. Seçkinin taleyini Azərbaycan xalqı müəyyən edəcək. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq erkən parlament seçkilərində aktiv və passiv seçki hüququndan istifadə etməli, öz müqəddəratını həll etməlidir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...