Erməni hiyləsi - “türk qorxusu” yoxsa xain xofu? | Eurasia Diary - ednews.net

27 Sentyabr,


Erməni hiyləsi - “türk qorxusu” yoxsa xain xofu?

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi, sentyabrın 3-də Rusiyanın Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumunə məruz qalıblar. Jurnalistlər Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyərkən, kilsənin qulluqçuları onlara qarşı güc tətbiq edib.

Z.Musayevin sözlərinə görə, təxminən 50-dək erməni onu mühasirəyə alıb, çəkiliş qrupunun kamerasını sındırıb, jurnalistin komputerini əlindən almağa cəhd göstərib. Aqressiv dəstə hətta polisin xəbərdarlığına da məhəl qoymayıb.

Azərbaycanlı jurnalistə qarşı edilən bu təzyiq bir daha göstərdi ki, ermənilərin hər zaman dilə gətirdiyi və ehtiyat etdikləri “türk qorxusu” narahatlığı uydurmadan başqa bir şey deyil. Bu “qorxu” səbəbilə 1828-ci ildən başlayıb 1988-1989-cu illərdə başa çatan “anti-türk terror siyasəti” nəticəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlısız qaldı. Qeyd edək ki, 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı yaşamır.

Ermənilər tez-tez Azərbaycan hökümətinin onların əleyhinə təbliğat aparması, etnik nifrəti artırması və gənc nəsli bütün ermənilərə düşmən ruhda tərbiyə etdiyi iddiasıyla çıxış edirlər. Halbuki, Ermənistanın milli qəhrəmanı olsa belə, Ermənistanda deyil, üçüncü bir ölkə olan Rusiyada bir zamanlar ümumi düşmənə xidmət etmiş “Njde” ləqəbli nasist Qaregin Ter-Arutyunyanla bağlı reportaj hazırlamaq istəyən jurnalistə qarşı zor tətbiq etdiklərini anındaca “unudublar”. Əslində hər iki xalq unutqandır. Azərbaycanlılar onlara edilən pisliyi, ermənilər isə başqalarına etdikləri pisliyi tez unudurlar. Bir azərbaycanlının "Njde"nin abidə lövhəsinin sökülməsindən reportaj hazırlamasını ermənilər heysiyyata toxunan bir vəziyyətlə izah edəcək. Amma bununla da terrorçuluqla Ermənistan üçün çalışan, eyni zamanda erməni əsgərlərini öldürən faşist rejiminə xidmət edən bir xainin müdafiəsilə, şərəfi üçün başından keçən azərbaycanlının müdafiəsini eyniləşdirirlər. Ermənilərin daim məzlumun yanaşması ilə çıxış etməsi qarşısında məntiq elmi acizdir. Bu yanaşmadır ki, rəsmi İrəvanı tarixi sənədlərlə üzləşməkdən çəkindirir və tarix qorxusu yaradır və bu “türk qorxusu” kimi təzahür edir. Bu qorxu həm də ona görə əsassızdır ki, Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun da 2011-ci ildə dediyi kimi, Bakıda 30 minə yaxın erməni yaşayır. Ermənistanda isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin hesablamalarına görə, 2004-cü ildə 30 azərbaycanlı yaşayıb. Bu statistika çoxmillətli və monoetnik ölkə arasındakı fərqi açıq-aşkar göstərir.  

Danışıqlar masasında sülh arzuladığını deyən Ermənistanda, Qarabağda sülh şəraitində yaşamaq istədiyini bildirdiyi üçün bir muzey direktoru qətlə yetirilmişdi. Dəmirçiyan sülh arzuladığına görə elə parlamentdəcə gülləbaran edilmişdi. Ermənistanda illərdir sülhdən, Qarabağın Azərbaycana məxsus olmasından, ədalətin bərqərar olmasının zəruriliyindən yazan, danışan kim varsa ya öldürülüb, ya da həbs edilib. Nəticədə bu gün terrorçu nəslin yetişdirdiyi neofaşist erməni gəncliyi də sülh arzulamır, sülh heç onlara maraqlı deyil. Lakin bu ekstremist yanaşma erməni cəmiyyətini uçuruma aparır, gec-tez bu yanaşma Qarabağda yeni müharibənin başlanmasına səbəb olacaq. Bax o gün, Qafqaz siyasi tarixi yenidən yazılacaq, xəritələr yenicən cızılacaq. Əsrlərdir davam edən ermənilərin "türk xofu" yenə diriləcək. Bu xofun reallaşmaması hələ də düşünmək qabiliyyətini itirməyən ermənilərdən asılıdır. Onlar erməni ictimaiyyətindən erməni diplomatiyasına sıçrayan, murdar xislətli və bir o qədər də məkrli siyasəti dayandırmalıdırlar. Övladlarının müqəddəratını yalnız və yalnız bu "stop hərəkatı" həll edəcək...

Gülnar SƏLİMOVA

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...