“Məhkəmə eksperti hər hansısa bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək".
Eurasia Diary-nin məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklərə görə ekspert bu məsələdə məsuliyyət daşıyır:
"Yeni dəyişikliklərə əsasən, ekspert müəyyən olunmuş müddətdə rəyi verməzsə, ekspertiza mərkəzi cərimə edilməlidir. Ona görə də, ekspert daha bu məsələdə diqqətli olacaq. Yəni ekspertiza nəticələrinin vaxtında məhkəməyə təqdim olunmasında ekspert və ekspertiza mərkəzi maraqlı olacaq. Yeni qanunvericiliyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edərək, həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək".