XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə


XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi

Siyasət A- A A+

1990-cı il yanvarın 19-da Azərbaycan paytaxtında baş verən qanlı “Bakı əməliyyatı”na Dmitri Yazov şəxsən başçılıq edib.

Eurasia Diary xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, t.ü.f.d., dos. Ziyad Əmrahov deyib.

Onun sözlərinə görə, XX əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yol elə də asan başa gəlmədi. İmperiya məngənəsindən xilas olmaq üçün Azərbaycan növbəti dəfə itkilər verməli oldu:

"SSRİ adlı xalqlar həbsxanası imperiyaya daxil olan müxtəlif respublikaların, o cümlədən Azərbaycanın bu istəklərini hələ ötən əsrin 80-ci illərinin sonundan görür və qabaqlayıcı tədbirlərə əl atırdı. “Yenidənqurma” siyasətinin ziddiyyətliliyi, mühafizəkarların ciddi müqaviməti üzündən mövcud siyasi və iqtisadi rəhbərlik metodlarını demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə idarəçilik mexanizminin dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar İttifaqın düşdüyü ümumi böhran gündən-günə dərinləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli münaqişələri, anti-türk, anti-islam siyasətini qüvvətləndirirdilər. Mühüm geosiyasi məkanda imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu yolla bütün regionda ağalığı saxlamaq siyasəti həyata keçirilirdi".

Z.Əmrahov qeyd edib ki, respublikadakı hadisələrə nəzarəti itirməsi ilə barışa bilməyən mərkəz 1990-cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə naziri D.Yazov gizlicə Gəncəyə gəldi, vəziyyətlə tanış olaraq o zamankı respublika rəhbərliyinin də təklifləri nəzərə alınmaqla, “Tayfun” adlı qanlı əməliyyat planı hazırlandı.

Alimin sözlərinə görə, həmin dövrdə erməni millətçilərinin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar yaşayan kəndlərinə ermənilər tərəfindən silahlı basqınlar isə getdikcə artırdı. Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsi milli müstəvidə qarşıdurmanı daha da şiddətləndirdi. Qarşıdurma nəticəsində 56 nəfər öldürüldü, 112 nəfər xəsarət aldı.

Z.Əmrahov bildirib ki, talançı dəstələrin azğın əməllərinə nə yerli hüquq-mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli münaqişəyə qarışmamaq əmri almışdılar:

"1990-cı il yanvarın 15-də Azərbaycan KP MK-nın keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Moskvaya göndərdiyi teleqramda tələb edir ki “Antisovet, antipartiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar var”. Ertəsi gün Ə.Vəzirov yenə teleqram vurub bildirdi ki, müxalifətin əlində çoxlu silahın olması Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq və buna görə də dərhal güc tətbiq olunmalıdır.

Xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi don geyindirmək üçün fövqəladə vəziyyətin elan olunması planı cızılırdı. Ə.Vəzirov yanvarın 14-də AKP MK bürosunda müzakirə etdikdən sonra çağırdığı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti iclasında “Azərbaycan SSR-in DQMV-də vəziyyətin normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında” qərar qəbul edilməsinə nail oldu. Qərarda DQMV və zəruri olarsa, ona bitişik rayonlarda və sərhəd boyunca fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi köməklik göstərilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət olunması nəzərdə tutulurdu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən, SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatları tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün.

Respublika hökuməti iflic vəziyyətində idi. Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri Moskvaya göndərdiyi şifrəli teleqramlarda bildirirdi ki, “respublika xaos vəziyyətindədir, qiyam ərəfəsindədir, qətiyyətli tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər.” İmperiya buradakı hakimiyyət böhranından, bəzi ölkələrdə olduğu kimi, Bakıda da Sovet hakimiyyətinin devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. Rəsmi Moskvanın Bakıya göndərdiyi emissarları - SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenkonun AXC-nin nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri də müsbət nəticə vermədi".

Z.Əmrahov deyib ki, yanvarın 17-dən AKP MK binası qarşısında izdihamlı mitinq başlandı, ümumi tətil elan olundu. Moskvadan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, imperiyanın Bakıya və ətrafına yığdığı qoşunların Dağlıq Qarabağa və daim erməni basqınlarına məruz qalan sərhəd bölgələrinə göndərilməsi tələb edildi. Lakin bu tələblər heç bir nəticə vermədi:

“Yanvarın 19-da saat 21.00-da ilk olaraq Türkan-Qala istiqamətindən Bakıya qoşun yeridildi. “Bakı əməliyyatı”na SSRİ-nin müdafiə naziri D.Yazov şəxsən başçılıq edirdi. Bakı və ətraf bölgələr qan gölünə döndərildi. Beləliklə, XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini dinc şəkildə yox, qurbanlar bahasına gerçəkləşdirdi. Can verməkdə olan imperiya dağılmaqdan xilas olmaq üçün sivil vətəndaşlarımızı güllə ilə qarşıladı. Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş qanlı qırğınlar zamanı rəsmi məlumatlara görə, 131-dən artıq insan öldürüldü. Bunlardan 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar idi. 744 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. 400 nəfər həbs edildi, xeyli vətəndaşımız itkin düşdü. Bütün bunlar Azərbaycan xalqının mübarizə ruhunu, müstəqillik arzularını söndürə bilmədi. SSRİ adlı imperiyanın dayaqlarını Azərbaycanda birdəfəlik sarsıtdı”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...