Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Əbilovun müraciətinə baxılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, namizəd müraciətində səsvermə günü dairə üzrə bir sıra məntəqələrdə seçki pozuntularının olduğunu iddia edib.
Qeyd olunub ki, həmin müraciət əsasında araşdırmalar aparılıb və 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi həqiqətən də müəyyənləşib
Komissiya 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb.
Eurasia Diary-nin xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
O bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.
Qeyd edilib ki, müraciət edən namizəd həmin dairə üzrə müxtəlif məntəqələrdə səsvermə günü pozuntuların olduğunu iddia edib.
İclasda vurğulanıb ki, müraciət araşdırılıb və 22 saylı Nəsimi ikinci seçki dairəsinin yalnız 4 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyənləşdirilib.
Komissiya həmin dairənin 1, 11, 20 və 24 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.